2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun II oxunuşda qəbul olunub
Bu gün keçirilən Milli Məclisin plenar iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
2021-ci ilin dövlət büdcəsi qəbul olunan zaman gəlirlərin 25 milyard 427 milyon manat, xərclərin 28 milyard 543 milyon manat, kəsirin 3 milyard 116 milyon manat, Ümumi Daxili Məhsulun artım tempinin 3,4 %, qeyri-neft sektorunun artım tempinin 3,1 %, inflyasiyanın 3,7 %, neftin 1 barrelinin qiymətinin 45 ABŞ dolları olacağı proqnozlaşdırılıb. Lakin ötən il pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması bu rəqəmlərə öz təsirini göstərib.
Hesabat ilində dövlət büdcəsinin mədaxili 26 milyard 396 milyon manat olmaqla, proqnoza qarşı 969 milyon manat və yaxud 3,8 % artıq icra edilib. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12 milyard 860 milyon manat və proqnozdan isə 10,4 % çox icra olunub.
2021-ci ilin dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,1 % və yaxud 27 milyard 422 milyon manat səviyyəsində icra edilib.
Ötən ilin icmal büdcəsinin gəlirləri 23 milyard 828 milyon manat proqnoza qarşı 33 milyard 904 milyon manat icra olunub. İcmal büdcənin xərcləri isə 29 milyard 991 milyon manat səviyyəsində icra olunub.
Ötən il ÜDM-in həöcmi 5,6 % artıb, inflyasiya səviyyəsi isə 6,7 % təşkil edib. Report