Azərbaycan polisi İstanbulda əməliyyat keçirdi - onlayn şəkildə narkotik satan 27 nəfər həbs olundu (FOTOLAR, VİDEO)




DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyədə yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

Nazirlikdən AFN-ə verilən məlumata görə, nəticədə dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla, ümumilikdə 27 nəfər şəxs həbs edilib.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin rəhbərləri İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və qohumu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Müəyyən olunub ki, dəstə üzvləri gizli pərdələyici üsullardan istifadə edərək “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər.

Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər. Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları, aralarındakı gizli sövdələşmələrin səs yazıları da müəyyən edilib.

Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı Ağayar Ağazadənin anası Elvira Ağayeva da cəmlənib. Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib.

Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər. Qeyd edək ki, metamfetamin ağ kristal maddədir və yüksək asılılıq yaratmaq potensialına malik psixostimulyatordu. Narkotikin təsiri bitdikdən sonra insanda dərin ruh və fiziki düşkünlük yaranır. Davamlı olaraq ondan istifadə edən şəxslər intensiv çəki itkisinə məruz qalırlar. Metamfetaminin davamlı olaraq qəbulu insan sağlamlığı üçün geri dönüşü olmayan nəticələrə - və ən nəhayət ölümə səbəb olur.

Qeyd edək ki, “Baba” və “Orxan XX”nin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu