Azərbaycanda cinayətkar dəstənin 27 üzvü tutuldu - VİDEO
Rəhbərləri xarici ölkələrdən birində olan və ümumilikdə 32 nəfərdən ibarət olan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan növbəti şəbəkənin mövcud olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəyə daxil olmuş əməliyyat məlumatları əsasında silsilə tədbirlər həyata keçirilib.
AFN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nəticədə əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvü saxlanılıb, 5 nəfər isə axtarışdadır. Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib "WhatsApp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.
Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar. Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Onu da bildirək ki, mütəşəkkil dəstənin başçıları narkokuryerliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən ibarət şəbəkənin 7 üzvü qadındır.
Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışı ilə bağlı aralarındakı gizli sövdələşmələri sübut edən yazışmalar, eləcə də, Bakı şəhərinin demək olar ki, hər bir rayonunda mövcud olan və narkotik vasitələrin tədarük edildiyi saxlanc yerləri müəyyən edilib. Həmin məkanlara Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilən zamanı külli miqdarda narkotik vasitələr olan heroin, tiryək, marixuana, habelə metamfetamin, kokain, yüksək təsiredici psixotrop tərkibli təsiredici dərmanlar, ekstazi həbləri, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları, ödəniş qəbzləri, müxtəlif ölkələrə məxsus mobil nömrələr və sair sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir. Bu isə onların asanlıqla natrkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.
İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.