Dövlət bu ərazidəki torpaqları əhalidən alacaq
Nazirlər Kabineti "Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Qaynarinfo xəbər verir ki, qərara əsasən, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.
Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.