Solaxaylıq qüsurdur, yoxsa üstünlük?- RƏYLƏR




Dünya əhalisinin 10 faizi solaxaydır. Daha çox kişilər arasında rast gəlinən bu xüsusiyyət lap kiçik dövrlərdən özünü büruzə verir. 1.5 yaşlı uşağın solaxay olub-olmadığını dəqiq şəkildə təyin etmək mümkündür. Qısa bir müşahidə aparmaqla, azyaşlının oyuncağı hansı əldə tutduğunu, topa hansı ayaqla təpik vurduğunu görə bilərik.



Öncə onu qeyd etməliyik ki, solaxaylıq nə xəstəlikdir, nə də qüsur. Hətta heyvanlar arasında da rast gəlinən bioloji özəllikdir. Alimlərin bildirdiyinə görə, bu, daha çox genetik faktorla bağlıdır. Yəni valideynlərdən biri solaxaydırsa, övladlarının da eyni cür doğulmaq ehtimalı yüksəkdir. Lakin genetiklər DNA-nın hansı hissəsinin solaxaylığa aid olduğunu hələ də tapa bilməyiblər.

Bəs bu xüsusiyyətin insan həyatına təsiri varmı? Nəzərə alsaq ki, bütün avadanlıqlar sağ əl üçün hazırlanır, o zaman müəyyən çətinlikdən söhbət gedə bilər. Lakin bu sıxıntı istisna olmaqla, başqa problem yaşadıqlarını demək olmaz. Əvvəllər solaxaylıq daha çox qüsur kimi qəbul edildiyindən, müəllim və valideynlər məcburən uşağın əlini sağa dəyişməyə çalışırdılar. Bu gün də eyni cəhdləri təkrar edən ata-analar var. Mütəxəssislər solaxay uşaqlara müdaxilənin qəti şəkildə əleyhinədir. Bunun heç bir faydasının olmadığını, əksinə, azyaşlıda depressiya və kəkələməyə səbəb olduğunu bildirirlər. Övladınız hansı əllə yazırsa, o cür də davam etməsinə icazə verin. Bu özəllik qüsur olmadığı üçün dəyişdirməyə çalışmaq uşağa zərər verən yanlış yanaşmadır.



Mövzu ilə bağlı pedaqoq Aysel Novruzova AFN-ə
açıqlamasında solaxaylığın pedaqoji cəhətdən də heç bir problemə səbəb olmadığını bildirib: "Əgər uşaq sol əllə yazırsa, pedaqoji cəhətdən burada heç bir yanlış yoxdur. Valideyn öz istəyinə uyğun olaraq, övladını yönətməyə çalışır. Halbuki azyaşlıya hansı əli ilə yazmaq rahatdırsa, o əli ilə də davam etməlidir. Uşaqları dəyişdirmək əvəzinə onlara qarşı yanaşmamızı yeniləməliyik. Bunu övladınızın təhsili, yaxşı oxuması üçün edirsinizsə, solaxay olan və olmayan məktəblilər arasında fərq yoxdur. Pedaqoq olaraq, valideynlərə bu duruma görə narahat olmamalarını tövsiyyə edirik".



AFN-in suallarını cavablandıran psixoloq Tahibə Quliyeva da solaxaylığın qüsur olmadığını qeyd edib: "Əvvəllər solaxay uşağı sağ ələ keçirmək halları daha çox idi. Bir qayda olaraq, bütün şagirdləri ancaq sağ əllə yazmağa məcbur edirdilər. Bunu etmək psixoloji baxımdan doğru deyil. Azyaşlıya çətinlik yaratmaq deyil, ona dəstək vermək, olduğunu kimi qəbul etmək məsləhət görülür. Əlini sağa dəyişməsi üçün şagirdə təzyiq göstərmək uşaqda özünə inamsızlıq kimi hal, travma yaradır".

İndi isə görək solaxaylığın səbəbi nədir? İnsan beyninin sağ və sol yarımkürələri var. Sağ yarımkürə bədənizimin sol, sol yarımkürə isə sağ tərəfini idarə edir. Sağlam adamda beynin hər iki yarımkürəsi inkişaf edir. Yalnız onlardan biri daha aktiv olur. Kimdə sağ yarımkürə aktivdirsə, bədənin sol tərəfini (əl və ayağını) daha yaxşı hərəkət etdirir. Əksini də digər insanlar üçün demək olar.

Bəs, yarımkürələrdən hansınınsa daha aktiv olması fiziki hərəkətdən başqa da müxtəlifliyə səbəb olurmu? Bəli! Araşdırmalara əsasən, sağ yarımkürəsi daha aktiv olan adamlarda emosionallıq, duyğu, yaradıcılıq üstünlük təşkil edir. Digərlərində isə riyazi düşüncə, məntiq önə çıxır. Psixoloq T.Quliyevanın sözlərinə görə, beyin yarımkürələrini inkişaf etdirmək üçün xüsusi proqramlar var: "Sağ, yaxud da sol, eləcə də hər iki yarımkürəni aktivləşdirmək üçün psixoloji təlimlər, məşğələlər var. Biz bundan istifadə edirik. Sağ yarımkürəsi inkişaf edən adamlar daha duyğulu olur. Onlar informasiyanı rəsm, şəkil olaraq, qəbul edirlər. Sol yarımkürədə isə nitq mərkəzi yerləşir və məntiq üstünlük təşkil edir".

Bəzi mənbələr solaxayların depressiya, psixoloji sarsıntıya daha meyilli olduğunu yazsa da, psixoloq müsahibimiz bu fikirlərin elmdə sübut edilmədiyini bildirib.

Könül CƏFƏRLİ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu