Prezident və birinci xanım Qobustanda açılışlar edib-




Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

İlham Əliyev və Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxıblar. Sonra dövlət başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, "Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olunub ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları "Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda "Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra İlham Əliyev və Mehriban Əliyeva xalçaçılarla görüşüblər.



13.50

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun inşası zamanı müxtəlif diametrli 7 suötürücü boru quraşdırılıb, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib. Yolun inşası texnoloji ardıcıllığa uyğun və yüksək keyfiyyətlə həyata keçirilib. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.

12.19

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

İlham Əliyev və Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşüblər. Dövlət başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.



11.18

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər.

Qaynarinfo Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı və birinci xanım Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident müvafiq tapşırıqlarını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu