İlham Əliyev şəhid vərəsələrindən danışdı: “Hamısına 11 min manat veriləcək”
"Bu il sosial infrastrukturla bağlı işlər görüləcək. Mən giriş sözümdə qeyd etdiyim kimi, məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcəkdir. Bu il 5800 ailəyə yeni mənzillər verildi. Onu da qeyd etməliyəm ki, bu mənzillərdən 1000-i "Qobu Park” yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edilmiş və köçkünlərə təmənnasız verilmişdir. Bu, çox müsbət təşəbbüsdür, mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə, bu proses bu il də davam etdiriləcək”.
Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı qeyd edib ki, ilkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək: "Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilibdir”.
Prezident bildirib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək: "Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar.
Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var.
Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir”.