İtaliyada anomal istilər səbəbindən 4 nəfər həyatını itirib
İtaliyada bir müddətdir davam edən Afrika mənşəli anomal isti hava dalğası səbəbindən ötən gün daha 4 nəfərin dünyasını dəyişdiyi bildirilib.
AFN.az xəbər verir ki, ölkədə 10 gündür təsirini saxlayan və fəsil normalarından yüksək olan anomal istilər can almaqda davam edir.
Milli mətbuatda dərc olunan xəbərlərə görə, dünən Genuya şəhərində 86 və 74 yaşlarında olan iki qadın istidən halı pisləşərək vəfat edib.
Padova şəhəri yaxınlığındakı Abano Terme qəsəbəsində bir fəhlə, həmçinin Mantova şəhərində miqrant bir kənd təsərrüfatı işçisi də istilər səbəbindən həyatını itirib.
Bununla da ölkədə ötən həftədən bəri yüksək temperatur nəticəsində dünyasını dəyişənlərin sayı ən azı 10 nəfərə yüksəlib.
Bu arada, Səhiyyə Nazirliyi bu gün və sabah üçün paytaxt Roma ilə yanaşı Ankona, Bari, Boloniya, Bolzano, Breşiya, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Perucca, Peskara, Rieti, Turin, Venesiya, Verona, Viterbo, Kampobasso, Çivitavekkya, Neapol, Palermo, Kalyari, Kataniya və Triest daxil olmaqla ümumilikdə 25 şəhərdə anomal istilərə görə qırmızı həyəcan siqnalı elan edib.
Digər tərəfdən, ölkənin şimalındakı bəzi şəhərlərdə gündüz temperatur rekordları qırılarkən, axşam saatlarında yağan güclü leysan bəzi ərazilərdə subasmalara və ağacların aşmasına səbəb olaraq həyata mənfi təsir göstərib.
Meteoroloqlar mətbuata verdikləri açıqlamalarda anomal isti hava dalğasının sabahdan etibarən təsirini itirəcəyini və yağışların başlayacağını bildiriblər.
