ABŞ-da anomal isti həyəcanı: 162 milyon insan risk altındadır
ABŞ 4 İyul Müstəqillik Günü tətilinə hazırlaşarkən, ölkənin böyük hissəsini təsiri altına alan anomal isti hava dalğası səbəbindən həyəcan vəziyyətinə keçilib.
AFN.az xəbər verir ki, qərb ştatlarında ölümcül meşə yanğınları davam etdiyi bir vaxtda, Böyük Düzənliklərdən Şimal-Şərq bölgələrinə qədər 35 ştatda təxminən 162 milyon insanı əhatə edən yüksək temperatur xəbərdarlığı edilib.
Həftə ərzində təsirini artıracağı gözlənilən temperaturun bəzi bölgələrdə 35 dərəcədən yuxarı qalxacağı, cənub və daxili rayonlarda isə 40 dərəcəni keçəcəyi təxmin edilir. Yüksək rütubətlə birlikdə hiss edilən temperatur dəyərlərinin 40-46 dərəcəyə qədər çata biləcəyi bildirilib.
Anomal istilərin təhdid etdiyi şəhərlər arasında Boston, Nyu-York, Filadelfiya, Baltimor, Vaşinqton, Çikaqo, Minneapolis, Sent-Luis, Neşvill, Atlanta, Orlando və Klivlend yer alır.
Milli Hava Şəraiti Xidməti Çikaqoda bazar ertəsi günü ölçülən hava temperaturunun 33 dərəcə olmasına baxmayaraq, hiss edilən temperaturun 38 dərəcəyə çatdığını, həftənin ortasına qədər isə bu göstəricinin 43 dərəcəyə qədər yüksələ biləcəyini açıqlayıb.
Təhlükəli hava şəraitinin həftə ərzində ölkənin mərkəzi hissələrində təsirli olmağa davam edəcəyi, çərşənbə günündən etibarən isə Şimal-Şərq ştatlarına yayılaraq tətil həftəsi boyunca sürəcəyi qeyd edilib.
Meteoroloqlar gecə vaxtı da hava temperaturunun yüksək olacağını, bunun isə bədənin sərinləşməsini çətinləşdirərək istilərlə bağlı xəstəlik riskini artıracağını vurğulayıblar. 4 iyul tarixinə qədər ölkədə təxminən 100 günlük temperatur rekordunun qırılması gözlənilir.
Çikaqo meri Brandon Conson keçirdiyi mətbuat konfransında anomal istilərin çox təhlükəli nəticələr doğura biləcəyi barədə əhalini xəbərdar edib.
Evində kondisioneri olmayan vətəndaşlara pərdələrini qapalı saxlayıb pəncərələrini bir qədər açmağı tövsiyə edən Conson, şəhər miqyasında altı ədəd kütləvi sərinləmə mərkəzinin fəaliyyətə başlayacağını elan edib.
Mer vətəndaşları bol su istehlak etməyə və köməksiz vəziyyətdə olan qonşularından xəbər tutmağa çağırıb.
Ekspertlər isti hava dalğalarının qəfil başlayan tufanlar kimi dərhal fərq edilmədiyini, lakin təsirlərinin bədəndə toplanaraq irəlilədiyini qeyd ediblər. Gecələr sərinləmək imkanı tapmayan insanların gündən-günə daha çox risk altında qaldığı və günvurma kimi halların ölümcül nəticələrə yol aça biləcəyi xatırladılıb.


