Fransada min nəfər isti hava dalğası nəticəsində həyatını itirib
Fransa İctimai Səhiyyə Qurumu rekord qıran anomal isti dalğasının ən intensiv hiss olunduğu ötən həftə, xüsusilə Paris bölgəsində ölüm sayında ciddi artım qeydə alındığını açıqlayıb.
AFN.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Avropanın dünyanın ən sürətlə qızan qitəsi olduğunu bildirərək vətəndaşların qorunması üçün daha çox addım atılmasına çağırıb.
Həftəsonu bir çox ölkədə temperatur rekordları qırılarkən, Almaniyada meşə yanğınları baş qaldırıb və Berlin polisi kütləni sərinlətmək üçün su şırnaqlarından istifadə edib.
İsti dalğası qitənin şərqinə doğru irəlilədikcə, Almaniya-Polşa sərhədindəki Neissemündedə ardıcıl üçüncü gündə də rekord qırılaraq 41,7 dərəcə isti qeydə alınıb.
Çexiya isə 41,1 dərəcə ilə tarixinin ən isti gününü yaşayıb.
Elm adamlarının yaratdığı "World Weather Attribution" qrupu Avropadakı bu rekord temperatur və rütubətə iqlim dəyişikliyinin səbəb olduğunu bəyan edib.
Fransada temperaturların ən yüksək səviyyəyə çatdığı çərşənbə günü 1200-dən çox ölüm qeydə alındığı halda, növbəti iki gündə günlük ölüm sayı 1400-ün üzərinə çıxıb.
İsti dalğasından əvvəl, aprel və may aylarında günlük orta ölüm sayı 900-1000 civarında dəyişirdi.
İctimai Səhiyyə Qurumu təkcə bu üçgünlük müddətdə ən azı 1000 əlavə ölümün baş verdiyini və evlərdəki ölümlərə dair məlumatlar toplandıqca bu sayın artacağını bildirib.
Can itkilərinin 85 faizini 65 və daha yuxarı yaşda olan şəxslərin təşkil etdiyi bildirilib.
ÜST baş direktoru Qebreyesus Avropanın qlobal ortalamadan iki qat daha sürətlə qızdığını ifadə edib.
Hazırda 150 milyon insanın anomal isti altında yaşadığını, yüzlərlə insanın həyatını itirdiyini, məktəblərin bağlandığını və elektrik şəbəkələrinin çətinliklə işlədiyini qeyd edən Qebreyesus temperatur stresinin adətən səssiz qatil adlandırıldığını, Avropadakı evlərin, iş yerlərinin və məktəblərin isə bu istilərə uyğun tikilmədiyini xəbərdar edib.
Qitə miqyasında iyunun 21-dən bəri yüksək temperaturlarla bağlı 1300-dən çox əlavə ölüm qeydə alınıb.
Anomal istilərdən sonra Avropa daxilində güclü fırtına və ildırım çaxmaları da müşahidə olunub.
İsveçdə bir əyləncə parkına ildırım düşməsi nəticəsində üç yetkin şəxs xəstəxanaya yerləşdirilib.
Şənbə günü temperatur rekordu qıran Danimarkada isə bazar səhərinədək 1156 ildırım çaxması qeydə alınıb.
Almaniyanın şərqindəki Qohrisşeyde və cənub-qərbindəki Trayzen bölgələrində meşə yanğınları baş verib.
Yanğın çıxan ərazilərin İkinci Dünya Müharibəsindən qalma partlamamış sursatlarla dolu olması yanğınsöndürənlərin müdaxiləsini çətinləşdirib.
Trayzendə partlayışlar baş verdiyindən söndürmə işlərinə ara verilib, alovların yayılması səbəbindən təxminən 650 nəfər təxliyə edilib.
Almaniyanın paytaxtı Berlində polis əhalini və turistləri sərinlətmək məqsədilə tarixi Brandenburq qapısı önündə ictimai asayişin qorunmasında istifadə olunan iki böyük su şırnağı avtomobilini yerləşdirərək kütləyə su püskürdüb.
Berlində şənbə günü istilərlə bağlı narahatlıqlar səbəbindən təcili yardım çağırışlarında 500 artım yaşanıb.
Anomal istilər infrastruktura da ziyan vurub.
Magistral yollardakı beton səthlərdə qırılmalar meydana gəlib, milli dəmir yolu operatoru "Deutsche Bahn" vətəndaşları vacib olmayan səfərlərdən çəkinməyə çağırıb.
Hamburq-Praqa marşrutu ilə hərəkət edən qatarın fırtına səbəbindən elektriksiz qalması nəticəsində kondisionersiz vaqonda köməksiz qalan 600-dən çox sərnişin təxliyə edilib, iki nəfər xəstəxanaya yerləşdirilib.
Leypsiq şəhərində isə temperatur səbəbindən relslərin və kəsişmələrin zədələnməsi nəticəsində tramvay reysləri dayandırılıb.


