ABŞ mətbuatı: İran və ABŞ bu həftə texniki danışıqlara başlayacaq
İran və ABŞ-ın Hörmüz boğazı ətrafında qarşılıqlı hücumları dayandıraraq bu həftə texniki danışıqlara başlamaq qərarına gəldiyi iddia edilib.
AFN.az xəbər verir ki, "Axios" xəbər saytının adı açıqlanmayan yüksək rütbəli amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran bir-birlərinə qarşı hücumları dayandırmaq barədə razılığa gələrək Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün iyunun 30-da Qətərda görüş planlaşdırıblar.
Digər bir ABŞ rəsmisi də hər iki tərəfin hələlik hücumlardan çəkinəcəyini və ilki ötən həftə İsveçrədə keçirilən texniki danışıqlar davam edəcəyi üçün gəmilərin sərbəst hərəkət edə biləcəyini söyləyib.
Görüşlər barədə məlumatı olan bir mənbənin bildirdiyinə görə, iyunun 30-da keçirilməsi planlaşdırılan danışıqlar başlanğıcda İranın nüvə proqramına dair texniki məsələləri müzakirə etmək üçün İsveçrədə baş tutmalı idi, lakin gərginliyin artması səbəbindən həm görüşlərin yeri dəyişdirilib, həm də diqqət Hörmüz boğazındakı vəziyyətə yönəldilib.
Digər tərəfdən, İran Dövlət Televiziyasına danışan rəsmi texniki görüşün ləğv edildiyini bəyan edib.
İranın İnqilab Rəhbərinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin üzvü Mehdi Fəzaili dövlət televiziyasına verdiyi açıqlamada İranın ABŞ ilə texniki nümayəndə heyətləri səviyyəsində bu gün keçirilməsi planlaşdırılan görüşdə iştirak etmədiyini bildirib.
Fəzaili buna səbəb kimi ABŞ-ın İrana qarşı hücumlarını davam etdirməsini və dondurulmuş aktivlərin sərbəst buraxılması ilə bağlı konkret addımların atılmamasını göstərib.
Qeyd edək ki, İran və ABŞ arasında iyunun 14-də əldə olunmuş razılaşmadan sonra tərəflər iyunun 21-də İsveçrədə yüksək səviyyəli görüşlər keçirmiş və danışıqlar daha sonra texniki nümayəndə heyətləri arasında davam etmişdi.
İyunun 23-də verilən açıqlamada texniki danışıqların növbəti həftə yenidən keçiriləcəyi bildirilsə də, dəqiq tarix qeyd olunmamışdı.
Son iki gündə isə İran və ABŞ arasında Hörmüz boğazı ətrafında qarşılıqlı toqquşmalar baş vermişdi.
