Zelenski Polşa Prezidentinə "Ağ Qartal" ordenini geri qaytarıb
Ukrayna Prezidenti Vladimir Zelenski 2023-cü ildə layiq görüldüyü Polşanın ən ali dövlət mükafatını – "Ağ Qartal" ordenini bu ölkənin prezidentinə geri qaytardığını bəyan edib.
AFN.az xəbər verir ki, Zelenski bu barədə bəyanatı Polşa rəhbərliyinin onu sözügedən mükafatdan məhrum etmək qərarından sonra "X" sosial şəbəkəsindəki hesabında paylaşıb. Ukrayna lideri vurğulayıb ki, vaxtilə bu ordenin təqdim edilməsini Rusiya təcavüzünə qarşı mübarizədə bütün Ukrayna xalqının və ordusunun xidmətlərinin tanınması kimi qəbul edib.
"Biz hesab edirdik ki, 2023-cü ildə "Ağ Qartal" ordeni məhz Ukrayna xalqına və ordumuza təqdim olunub. O vaxt da məhz belə deyilmişdi. Bu gün mən həmin ordeni Polşa prezidentinə geri göndərdim", – deyə Zelenski yazıb.
Bununla belə, Ukrayna Prezidenti göstərdiyi dəstəyə görə Polşa xalqına minnətdarlığını bildirib və tarixi məsələlər ətrafındakı fikir ayrılıqlarına baxmayaraq, Kiyevin Varşava ilə əməkdaşlığa açıq olduğunu bəyan edib. Onun sözlərinə görə, Ukrayna Polşa ilə tərəfdaşlıq münasibətlərinin qorunması istiqamətində işi davam etdirəcək və müştərək tarixin mürəkkəb səhifələrinə dair qarşılıqlı hörmətə əsaslanan dialoqa can atacaq.
Zelenski həmçinin gələcəyin Ukrayna xalqına olan hörməti təsdiqləyəcəyinə əminliyini ifadə edib və Ukraynanın Avropada ədalətli sülh və təhlükəsizlik naminə mübarizəni davam etdirəcəyini qeyd edib.

