Polşa Zelenskiyə verdiyi ən yüksək dövlət nişanını geri aldı
Polşa Prezidenti Karol Navrotski Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə 2023-cü ildə verilən ölkənin ən yüksək dövlət təltifinin geri alınması barədə qərar qəbul edib.
AFN.az xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski verdiyi açıqlamada İkinci Dünya Müharibəsində polyakları qətlə yetirən Ukrayna Üsyan Ordusunun (UPA) adının bir hərbi hissəyə verilməsi qərarına görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə 2023-cü ildə təqdim edilən Polşanın ən yüksək dövlət nişanı "Ağ Qartal"ın geri alınmasının qərara alındığını bildirib.
Prezident Navrotski Polşa cəmiyyətinin mütləq əksəriyyəti üçün UPA-nın hər şeydən əvvəl İkinci Dünya Müharibəsi zamanı Polşa vətəndaşlarına qarşı törədilmiş amansız cinayətlərə görə məsuliyyət daşıyan bir quruluş olaraq görüldüyünü qeyd edib.
Bu səbəbdən Ukrayna rəsmilərinin UPA-nı ucaltmaq qərarının sadəcə rüsvayçılıq deyil, eyni zamanda başa düşülməyən və son dərəcə məyusluq yaradan bir addım olduğunu vurğulayan Polşa lideri, bu vəziyyətin təkcə tarixi yaddaşa zərər verməklə qalmadığını, həm də illər ərzində və son aylarda qurulan etimadı sarsıtdığını dilə gətirib.
Rusiyanın 2022-ci ildə başlatdığı müharibədən sonra ölkəyə qəbul edilən yüz minlərlə ukraynalı qaçqına diqqət çəkən Navrotski polyakların öz sərhədlərini, evlərini və qəlblərini milyonlarla ukraynalıya açdığını xatırladıb.
Ukraynanın Avropaya doğru irəliləməsinin öz tarixinin çətin dövrləri ilə dürüstcə üzləşməsini də tələb etdiyini bildirən Navrotski, vahid Avropanın totalitarizmin və zorakılıq kultunun rədd edilməsi üzərində qurulduğunu və bu prinsiplərin hər kəsə şamil edilməli olduğunu vurğulayaraq bunu anlamayanların Avropa İttifaqında yerinin ola bilməyəcəyini və Polşanın buna qətiyyən icazə verməyəcəyini ifadə edib.
Navrotski həmçinin bu qərarın Ukrayna xalqına qarşı yönəlmədiyini və Polşanın təhlükəsizlik siyasətinin strateji istiqamətində bir dəyişiklik mənasına gəlmədiyini xüsusi qeyd edib.
Ukrayna isə Aİ üzvü olmaq istəyir və bu həftə Lüksemburqda üzvlik danışıqlarının ilk mərhələsinə qatılıb.
Polşanın Baş naziri Donald Tusk sosial mediada etdiyi paylaşımda bu mübahisənin Rusiya Prezidenti Vladimir Putini məmnun etdiyini bildirib və Zelenski ilə Navrotskiyə gərginliyi alovlandırmaq əvəzinə onu yatırtmaq çağırışı edib.
Ukraynanın xarici işlər naziri Andrey Sbiqa isə verdiyi açıqlamada bu qərarı strateji səhv adlandırıb.
Sbiqa həll yolları axtarmaq əvəzinə Polşa tərəfinin bu münaqişəni qəbulolunmaz və yersiz bir səviyyəyə qaldırmaq qərarına gəlməsindən təəssüf hissi keçirdiklərini bildirərək başqa bir ölkənin prezidentinin onlara öz tarixlərini diktə edə bilməyəcəyini vurğulayıb.
Polşa tərəfi isə UPA-nı soyqırım törətməkdə ittiham edir.
Ukraynada bir çox insan 1940-cı və 1950-ci illərdə mövcud olmuş Ukrayna Üsyan Ordusunu (UPA) Sovet Qırmızı Ordusuna, Nasist Almaniyasına və Polşaya qarşı müstəqillik uğrunda savaşmış qəhrəmanlar kimi görür.
Lakin Polşa UPA-nı 1943-1945-ci illər arasında Volında etnik polyaklara qarşı soyqırım törətməkdə günahlandırır.
Varşava Volın qətliamlarında təxminən 100 min polyakın öldürüldüyünü bildirsə də, Ukrayna üçün UPA müqavimətin və müstəqillik mübarizəsinin simvolu hesab olunur.
Qrupun qırmızı və qara bayrağı bu gün cəbhədəki Ukrayna birlikləri tərəfindən tez-tez istifadə edilir.
Zelenski milli ordunun tarixi ənənələrini yenidən canlandırmaq məqsədilə bir hərbi hissəyə UPA-nın adını verəcəyini bəyan etmişdi.
Polşanın keçmiş Prezidenti Andjey Duda isə Zelenskiyə ikitərəfli münasibətlərə, demokratiyaya, Avropada sülh və təhlükəsizliyə verdiyi töhfələrə, həmçinin insan hüquqlarının müdafiəsindəki qətiyyətinə görə 2023-cü ildə "Ağ Qartal" nişanını təqdim etmişdi.
