Polşa prezidentinə sosial şəbəkələrdən təhdidlər gəlir
Polşa prezidenti Karol Navrotski sosial şəbəkələrdə davamlı olaraq təhdid mesajları alır.
AFN.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsal transformasiya naziri Kşiştof Qavkovski ölkə mediasına bildirib.
Nazirin sözlərinə görə, nazirlik hər hansı qanunsuz məzmunu, xüsusən də dövlətin əsas simalarına, o cümlədən prezidentə yönəlmiş təhdidləri daima izləyir və müvafiq orqanlara məlumat verir. Son hadisədə prezidentə sui-qəsd təşkili çağırışı yayıldığı qeyd olunub.
Əvvəllər polis 19 yaşlı bir Polşa vətəndaşını saxlayıb. Həmin şəxs prezidentin fotosuna tapança şəkli əlavə edərək “Görüşərik, Karolek!” yazısını yerləşdirib.
Qavkovski bildirib ki, nazirlik sosial şəbəkələrdəki təhdidləri daimi olaraq izləyir və aşkar edilən halları polis və xüsusi xidmət orqanlarına təqdim edir.
Karol Navrotski Polşa prezidentliyinə iyunun 1-də ikinci turda seçilmiş, avqustun 6-da isə rəsmi olaraq vəzifəyə başlayıb.
