Pakistanın daxili işlər naziri danışıqlar aparmaq üçün İrana səfər edib
Pakistanın daxili işlər naziri Sayed Möhsin Nəqvi İran və ABŞ arasındakı danışıqlarla bağlı davam edən diplomatik səylər çərçivəsində şənbə günü Xorasan-i Rəzəvi əyalətinin Məşhəd şəhərinə gəlib.
AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Naziri və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə yüksəkvəzifəli İran rəsmiləri ilə planlaşdırılan görüşlər ərəfəsində Məşhəd hava limanına enib. Nəqvinin Məşhədə səfəri rəsmən təsdiqlənib və o, Şəhid Haşimi Nejad adına Beynəlxalq Hava Limanında Xorasan-i Rəzəvi əyalətinin qubernatoru Qolamhüseyn Müzəffəri tərəfindən qarşılanıb. Qeyd edək ki, Pakistan naziri İran-ABŞ dialoqu üzrə məsləhətləşmələrdə iştirak etmək üçün son həftələrdə artıq bir neçə dəfə Tehrana səfər edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Pakistan nazirinin bu səfəri İslamabadın Tehran və Vaşinqton arasındakı dialoq prosesində göstərdiyi vasitəçilik və diplomatik səylərin davamıdır. Səfər çərçivəsində Nəqvinin İranın daxili işlər naziri İskəndər Mömıni və xarici işlər naziri Abbas Araqçı ilə ayrıca görüşlər keçirməsi planlaşdırılır.


