İsveçrədə hərbi mükəlləfiyyətli ukraynalılar "S" müdafiə statusundan məhrum edilə bilər
İsveçrə Federal Şurası (hökumət) 2027-ci ilin martından sonra Ukraynadan olan qaçqınlar üçün xüsusi "S" statusunun gələcəyini müzakirə etməyə başlayıb və hərbi mükəlləfiyyətli ukraynalı kişilərin bu proqramdan çıxarılması imkanını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə konfederasiya hökumətinin yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, bu məsələ Avropa İttifaqında aparılan analoji müzakirələrlə bağlı gündəmə gəlib. Qeyd olunur ki, Bern indiyədək "S" statusu ilə bağlı siyasətini Brüssellə koordinasiya edib və gələcəkdə də bu təcrübəni davam etdirmək niyyətindədir. Hökumətdən izah ediblər ki, bu sıx koordinasiya Avropa ölkələri arasında ikinci dərəcəli miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.
İsveçrə rəsmilərinin qiymətləndirmələrinə görə, qısamüddətli və ortamüddətli perspektivdə Ukraynada davamlı atəşkəs üçün ilkin şərtlər görünmür. Bununla əlaqədar olaraq, hakimiyyət ukraynalılar üçün "S" müdafiə statusunun müddətini 4 mart 2027-ci ildən sonraya uzatmağı təklif edir. Münaqişə başlayandan bəri bu status hər il bir illik müddətə uzadılıb. Məsələ ilə bağlı yekun qərarın kantonlar və digər maraqlı tərəflərlə məsləhətləşmələr başa çatdıqdan sonra, yayın sonunadək qəbul edilməsi planlaşdırılır.
Xatırladaq ki, Bern tərəfindən 2022-ci ilin martında tətbiq edilən "S" statusu İsveçrədə bir il müddətinə qalmaq (hər il uzadılmaq şərtilə) və kanton hakimiyyətinin icazəsi ilə işləmək hüququ verir. Son məlumatlara görə, hazırda konfederasiyada bu statusa malik 72 mindən çox ukraynalı yaşayır.

