Amnesty: Yunanıstanda polis həddindən artıq güc tətbiq edir
Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty) Yunanıstandakı etiraz aksiyalarında polisin lüzumsuz və həddindən artıq güc tətbiq etdiyinin müəyyən olunduğunu bildirib.
AFN.az xəbər verir ki, təşkilatdan verilən bəyanatda Yunanıstandakı nümayişlərlə bağlı xüsusi hesabatın hazırlandığı qeyd edilib.
Açıqlamada hesabatın etirazçılar, jurnalistlər və hüquqşünaslarla aparılan müzakirələr, videoqeydlərin araşdırılması və çoxsaylı aksiyaların diqqətlə izlənildiyi iki illik bir prosesin nəticəsində ərsəyə gəldiyi vurğulanıb.
Yunanıstan polisinin tez-tez dinc etirazçılara və jurnalistlərə qarşı lüzumsuz, eləcə də həddindən artıq güc tətbiq etdiyi rəsmi olaraq müəyyənləşdirilib və bu amilin ciddi fiziki xəsarətlərə, həmçinin psixoloji travmalara yol açdığına diqqət çəkilib.
Hesabatda qiymətləndirmələrinə yer verilən Beynəlxalq Amnistiya Təşkilatının Avropa Bölgəsi üzrə tədqiqatçısı Kondiliya Qoqu Yunanıstanda dinc toplaşmaq azadlığı hüququnun həm qanunvericilikdə, həm də təcrübədə açıq-aşkar pozulduğunu bəyan edib.
O, dinc etirazçıların əsassız olaraq saxlanıldığını, cinayətkar elan edildiyini və polisin əlində qanunsuz şəkildə güc tətbiqinə məruz qaldığını bildirərək rəsmi xəbərdarlıq edib.


