İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb olub



Yaxın Şərqdə baş verən müharibənin yol açdığı xammal böhranı Yaponiyada plastik istehsalının əsas tərkib hissəsi olan nafta tədarükünə ağır zərbə vurub.

AFN.az xəbər verir ki, ölkədəki hazır yemək satışı müəssisələri, supermarketlər və çörəkxanalar plastik torba, qida qabları və xidmət əlcəkləri tapmaqda çətinlik çəkirlər.

İllik plastik istehlakı 8 milyon tonu ötən Yaponiyada bu həcmin təxminən üçdə birini qida sektoru təşkil edir və qiymət artımları ilə tədarük problemləri sektora ciddi təsir göstərir.

Xam neftə olan tələbatının böyük hissəsini Yaxın Şərqdən qarşılayan ölkədə nafta plastik istehsalı ilə yanaşı, mətbəə mürəkkəbi, yapışdırıcı və tibbi ləvazimatların hazırlanmasında da əsas xammal kimi istifadə olunur.

Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının (JPCA) məlumatlarına görə, alış-veriş və zibil torbalarında istifadə edilən polietilen istehsalı mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faiz azalıb. Bənzər azalma templəri digər plastik növlərində də qeydə alınıb.

Baş nazir Sanae Takaiçi hökuməti digər sektorlara da təsir edən bu böhran qarşısında ciddi təzyiq altındadır.

Hökumət rəsmiləri vəziyyətin bir böhran deyil, müvəqqəti logistik tıxac olduğunu müdafiə etsələr də, sənaye liderləri və ekspertlər problemin iyun ayı ərzində daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Rəy sorğuları da əhalinin ən böyük narahatlıqlarından birinin məhz bu xammal qıtlığı olduğunu göstərir.

Yaponiyada 2020-ci ildən bəri plastik torbalar ödənişli olsa da, məhsulların bir neçə plastik qatla qablaşdırılması ölkənin oturuşmuş xidmət mədəniyyətinin bir hissəsi hesab olunur.

Lakin azalan ehtiyatlar bu vərdişləri dəyişməyə məcbur edir.

Kavasakidəki bir supermarket rəhbərliyi qiymət artımı və tədarük qıtlığı səbəbindən işçi heyətinə meyvə və tərəvəzləri ayrı-ayrı plastik torbalara qoymamaq barədə təlimat verib.

Müəssisələr qida məhsulları üçün istifadə olunan kiçik plastik qabların təmin edilə bilmədiyini vurğulayırlar.

Tokio yaxınlığındakı bir çörəkxana isə Yaxın Şərqdəki müharibə qaynaqlı nafta qıtlığı səbəbindən baqet çörəklərini qoymaq üçün plastik torbalarının bitdiyini bildirən elanlar asmağa başlayıb.

Qida istehsalında istifadə olunan plastik əlcəklərdə də ciddi təklif çatışmazlığı yaşanarkən, gigiyena standartları baxımından həssas olan istehlakçıların qida ilə birbaşa təmasda olan torbaları yenidən istifadə etməyə isti yanaşmaması prosesi daha da çətinləşdirir.

Kofu şəhərindəki bəzi müəssisələr isə çıxış yolu olaraq öz boşqab və ya qablarını gətirən müştərilərinə pulsuz təamlar və əlavə porsiyalar təklif edərək alternativ üsullar hazırlayırlar.

Məişət tullantılarının fərqli rənglərdəki xüsusi plastik torbalarla ciddi şəkildə çeşidləndiyi bələdiyyə zibil toplama sistemləri də böhrandan öz payını alıb.

Vətəndaşların təşviş içində torba ehtiyatı toplaması üzərinə marketlər adambaşına satış limiti tətbiq edib.

Bir sıra bələdiyyələr müvəqqəti olaraq rəsmi təsdiqi olmayan torbalarla da zibil atılmasına icazə verməyə başlayıblar.

Böhran təkcə Yaponiya ilə məhdudlaşmayıb.

Cənubi Koreyanın paytaxtı Seulda mart ayında plastik zibil torbası satışları beş dəfə artıb.

Tələb partlayışından sonra satış məhdudiyyətləri tətbiq edilərkən, Energetika və Ətraf Mühit naziri Kim Sunq-vhan tədarük barədə narahatlığa əsas olmadığını açıqlayıb.

Dünyada adambaşına ən çox plastik torba istehlak edən bölgələrdən biri olan və xam neftinin 70 faizini Yaxın Şərqdən idxal edən Tayvanda isə plastikin topdansatış qiymətləri bu il 40 faizə qədər yüksəlib.

Tayvan hökuməti də əhaliyə təmkin nümayiş etdirmək çağırışı edərək süni qıtlıq yaradanlara qarşı yoxlamaları artırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu