İran və ABŞ sazişinin layihəsi: Atəşkəs 60 gün uzadılır və...
İran və Amerika Birləşmiş Ştatları arasında hazırlanan saziş layihəsi atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılmasını və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
AFN.az xəbər verir ki, diplomatik danışıqların gedişatına bələd olan iki regional rəsmi "CBS News" telekanalına qarşılıqlı anlaşma memorandumunun layihəsində yer alan aşağıdakı şərtləri təsdiqləyib:
- Atəşkəsin uzadılması: Hazırda qüvvədə olan atəşkəs rejiminin müddətinin 60 günlüyə uzadılması.
- Hörmüz boğazının açılması: İran tərəfindən Hörmüz boğazının dərhal açılması və 30 gün ərzində gəmilərin hərəkətinin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün tədbirlərin görülməsi.
- Hərbi əməliyyatların tam dayandırılması: İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırılması barədə birgə bəyanatı. Tərəflər həmçinin bir-birinə qarşı müharibəyə başlamamaq və güc tətbiqindən və ya güclə hədələməkdən çəkinmək öhdəliyi götürürlər.
- Nüvə öhdəliyi: İranın heç vaxt nüvə silahı yaratmayacağına dair öhdəliyini yenidən təsdiqləməsi.
- Uranın utilizasiyası: İranın öz zənginləşdirilmiş uran ehtiyatlarını hər iki tərəfin razılaşdıracağı mexanizmə uyğun olaraq utilizasiya etməyə razılıq verməsi.
- Aktivlər və sanksiyalar: İranın dondurulmuş maliyyə aktivləri və rejimə qarşı sanksiyalarla bağlı məsələlərin həlli birbaşa Tehranın yuxarıda göstərilən bəndlərə əməl etməsindən asılı olacaq.
Qeyd olunur ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bazar günü "CBS News" telekanalına Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və atəşkəsin 60 gün müddətinə uzadılması bəndləri istisna olmaqla, qalan bütün şərtləri faktiki olaraq təsdiqləyib.
