İran: Mövcud şərtlərdə atəşkəs və danışıqlar qeyri-leqaldır
İranın rəsmi və yarı-rəsmi mənbələri (Fars Xəbər Agentliyi və Press TV) ABŞ-ın təklif etdiyi 15 maddəlik atəşkəs planına rəsmi cavab verərək, mövcud şəraitdə danışıqlar masasına oturmağı məntiqdən kənar və qeyri-leqal adlandırıb.
AFN.az xəbər verir ki, Tehran administrasiyası Vaşinqtonun təkliflərini reallıqlardan qopuq və həddindən artıq tələblər hesab edərək rədd edib.
İranın müharibəni bitirmək üçün irəli sürdüyü 5 şərt:
Tehran bildirib ki, o, müvəqqəti atəşkəsi deyil, yalnız aşağıdakı şərtlər daxilində müharibənin tam dayandırılmasını qəbul edə bilər:
Əməliyyatların dayandırılması: İstisnasız olaraq bütün hərbi əməliyyatlara son qoyulması.
Hüquqi zəmanət: Müharibənin yenidən başlamayacağına dair beynəlxalq səviyyədə real və bağlayıcı mexanizmlərin qurulması.
Müharibə təzminatı: Savaş nəticəsində dəymiş zərərin dəqiq hesablanması və zəmanətli şəkildə ödənilməsi.
Regional həll: Müharibənin təkcə İran üçün deyil, bölgədəki bütün müqavimət qrupları üçün bütün cəbhələrdə sona çatması.
Hörmüz Boğazı: İranın boğaz üzərindəki suverenliyinin beynəlxalq səviyyədə tanınması və təminat altına alınması.
Qeyd edək ki, Donald Tramp administrasiyasının Pakistan vasitəsilə çatdırdığı planın İranın nüvə obyektlərinin (Nətənz, Fordo, İsfahan) ləğvini və uran zənginləşdirilməsinin dayandırılmasını nəzərdə tutduğu iddia edilir. İranlı yüksək rütbəli təhlükəsizlik rəsmisi vurğulayıb ki, "müharibənin nə vaxt bitəcəyinə Tramp deyil, İran qərar verəcək".

