Çernobılda vəhşi təbiət heyrətləndirdi: İnsanların tərk etdiyi bölgədə heyvanlar çoxalıb



Alimlərin dərc etdiyi yeni araşdırma Çernobıl faciəsindən sonra insanların tərk etdiyi bölgədə vəhşi təbiətin diqqətçəkən şəkildə artdığını ortaya qoyub.

AFN.az xəbər verir ki, araşdırmada canavarlar, qonur ayılar, vaşaqlar, marallar və vəhşi atların bölgədə sıx şəkildə yaşadığı qeyd olunub. 1986-cı ildəki Çernobıl nüvə fəlakətindən sonra yaradılan təxminən 30 kilometrlik qadağan olunmuş zona bu gün dünyanın ən radioaktiv sahələrindən biri hesab edilir. Lakin tədqiqatçılara görə, insanların bölgədən çəkilməsi vəhşi təbiət üçün gözlənilməz bir sığınacaq yaradıb.

Almaniyanın Frayburq Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu 2020 və 2021-ci illərdə şimali Ukraynadakı təxminən 60 min kvadrat kilometrlik sahəyə fototələlər yerləşdirib. Araşdırmada qızıl maral, cüyür, qonur ayı, canavar, Avropa vaşağı, vəhşi donuz və Prjevalski atı da daxil olmaqla 13 vəhşi növ görüntülənib.

Qeydə alınan cəmi 31 min 200 heyvan görüntüsünün təxminən 20 minə yaxını birbaşa Çernobıl Qoruma Ərazisində əldə edilib. Alimlər xüsusilə bir-birinə bağlı böyük qoruma sahələrinin heyvan müxtəlifliyi baxımından kritik rol oynadığını bildiriblər. Tədqiqatçılar xüsusilə maral və böyük məməlilərin insan fəaliyyətinə qarşı həssas olduğunu, insanların bölgəyə giriş etdiyi dövrlərdə müşahidələrin azaldığını qeyd ediblər.

Alimlər işlərində radiasiyanın canlılar üzərindəki təsirini araşdırmaq əvəzinə, insan fəaliyyətinin ortadan qalxmasının ekosistem üzərindəki nəticələrinə fokuslanıblar. Nəticələr isə insan təzyiqinin azalmasının vəhşi təbiəti nəzərəçarpacaq dərəcədə dəstəklədiyini göstərib. Tədqiqatçılar qoruma sahələrinin uzunmüddətli perspektivdə böyük heyvan populyasiyalarının davamlılığı baxımından vacib olduğuna diqqət çəkiblər.

Araşdırmanın dərc olunduğu dövrdə bölgəyə girişin Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra daha da çətinləşdiyi bildirilib. Bu səbəbdən alimlər gələcək işlərin hələlik məhdud qala biləcəyini ifadə ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu