Avtobus böyüklüyündəki asteroid Yer kürəsinin yaxınlığından keçəcək
Astronomlar tərəfindən yeni kəşf edilən və təxminən iki məktəb avtobusu ölçüsündə olan "2026JH2" adlı asteroid bu gün Yerlə Ay arasındakı məsafənin dörddə biri qədər yaxın bir nöqtədən keçəcək.
AFN.az xəbər verir ki, Arizonadakı "Mount Lemmon" Rəsədxanası tərəfindən hələ bir neçə gün əvvəl kəşf edilən bu asteroid bu gün axşam saatlarında Yer kürəsinin təxminən 91 min kilometr yaxınlığından keçməyə hazırlaşır.
Yerin orbiti ilə kəsişən trayektoriyaya sahib olan "Apollo" sinfindən olan bu göy cismi telekommunikasiya və hava proqnozu peyklərinin yerləşdiyi təhlükəsiz məsafədən təxminən iki dəfə yarım daha uzaqda olacaq.
Mütəxəssislər bu məsafənin kosmik miqyasda çox yaxın görünməsinə baxmayaraq, asteroidin planetimiz üçün hər hansı bir təhlükə yaratmadığını və atmosferə daxil olmadan təhlükəsiz şəkildə yoluna davam edəcəyini bildiriblər.
Mars və Yupiter arasındakı asteroid qurşağından qoparaq Yerin yaxınlığına sovrulan göy cisminin dəqiq ölçüsü isə hələlik tam müəyyən edilə bilməyib.
Optik teleskopların yalnız əks olunan işığı qəbul edə bilməsi səbəbindən asteroidin diametrinin 15–30 metr arasında olduğu təxmin edilir.
Bu böyüklükdə bir göy cisminin atmosferə daxil olacağı təqdirdə ciddi fəsadlara yol aça biləcəyini qeyd edən alimlər "2026JH2"-nin planeti toxunmadan keçəcəyi üçün risk daşımadığını, lakin orbitindəki qeyri-müəyyənliklər səbəbindən gələcək marşrutunun diqqətlə izləniləcəyini vurğulayıblar.
Bu növ yaxın keçidlərin əslində hər il bir neçə dəfə yaşandığını bildirən ekspertlər bənzər ölçüdəki göy cisimlərinin yalnız son illərdə inkişaf edən həssas skan texnologiyaları sayəsində fərq edilə bildiyini deyirlər.
Mövcud radar sistemlərindəki bəzi texniki nasazlıqlar səbəbindən bu keçidə dair anlıq radar məlumatları toplana bilməsə də, İtaliya mərkəzli Virtual Teleskop Layihəsi asteroidin keçid anını internet üzərindən canlı yayımlayacaq.
Astronomlar Yerə yaxın olan bu ölçüdəki asteroidlərin hələlik yalnız bir faizinin kəşf edilə bildiyini xatırladaraq, kosmik agentliklərin potensial təhlükələri öncədən müəyyən etmək üçün büdcələrini artırdığına diqqət çəkirlər.



