Məşhur Britaniya brendi "Superdry"ın həmtəsisçisi təcavüzə görə 8 il həbs cəzası alıb
Geyim istehsalı ilə məşğul olan "Superdry" şirkətinin həmtəsisçisi Çeltenhemdə bir qadına təcavüz etdiyi üçün səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayıb. İttihama görə, 54 yaşlı Ceyms Holder 2022-ci ilin mayında Qlosterşir şəhərində bir qadına qarşı zorakılıq törədib. Holder məhkəmədə cinsi əlaqənin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia etsə də, məhkəmə onu təqsirli bilib.
Qrafik dizayn üzrə təhsil almış Holder əvvəlcə "Bench" moda brendinin əsasını qoyub, 2003-cü ildə isə Culian Dankerton ilə birlikdə "Superdry" şirkətini təsis edib. Brendin ilk mağazası 2004-cü ildə Londonda açılıb.
Hazırda şirkətin dünya üzrə 60-dan çox mağazası fəaliyyət göstərir. "Superdry" rəsmi açıqlamasında bildirib ki, cinayət törədilən vaxt Ceyms Holderin şirkətdə heç bir vəzifəsi olmayıb.



