Yaralı itlərin görüntüləri ilə ianə dələduzluğu ifşa olundu



Uqandada fəaliyyət göstərən cinayətkar şəbəkələrin sosial mediada yaralı heyvan görüntüləri paylaşaraq Qərbdəki xeyriyyəçilərdən pul topladığı məlum olub.

AFN.az xəbər verir ki, bəzi heyvanların qəsdən yaralandığı və müalicə olunmadan ölümə tərk edildiyi iddia edilir. BBC-nin araşdırması nəticəsində üzə çıxan bu sxem əsasən Avropa, Şimali Amerika və Avstraliyadakı heyvansevərləri hədəf alır.

Dələduzların metodları "Russet" adlı itin "TikTok"da viral olan videosu ilə diqqət mərkəzinə düşüb. 15 saniyəlik görüntüdə itin qəzada ağır yaralandığı iddia edilərək ianə toplanılsa da, minlərlə dollar vəsaitə rəğmən heyvanın sağalmadığı müəyyən edilib. Uqandalı baytar İsa Lutebemberva itin bütün sümüklərinin eyni nöqtədən qırıldığını və bunun qəza nəticəsində baş vermə ehtimalının çox aşağı olduğunu bildirib.

Araşdırmalar göstərir ki, Uqandanın Mityana bölgəsində heyvan sığınacağı adı altında fəaliyyət göstərən mərkəzlərdə bənzər üsullardan geniş istifadə olunur. Gizli kamera görüntülərində bu mərkəzləri idarə edənlərin heyvanlara qəsdən zərər verdiklərini etiraf etdikləri əks olunub.

Məlumata görə, son 5 ildə "GoFundMe" platforması vasitəsilə bu növ mərkəzlərə 730 min dollardan çox ianə köçürülüb və bu məbləğin təxminən 40 faizi birbaşa Mityana qruplaşmalarına gedib. Bu dələduzluğu ifşa etmək istəyən fəallar "We Won’t Be Scammed" adlı sosial media hesabı yaradaraq insanları heyvan istismarına dəstək verməməyə çağırırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu