İran: ABŞ-ın dəniz blokadası ölkədə parçalanma yaratmağa xidmət edir
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bəyan edib ki, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası ölkə daxilində parçalanma yaratmaq və dövləti zəiflətmək məqsədi daşıyır.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, spikerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp limanların blokadası vasitəsilə iqtisadi təzyiqi artırmaqla yanaşı, İran cəmiyyətini "sərt xətt tərəfdarları" və "mülayimlər"ə bölməyə çalışır.
Qalibaf çıxışında qeyd edib ki, Vaşinqton iqtisadi tədbirləri informasiya hücumları ilə birləşdirərək İranı "daxili çökməyə" sürükləmək üçün yeni mərhələyə keçib. Spiker xalqı milli birliyi qorumağa çağıraraq, bunun xarici təzyiqlərə müqavimət göstərməyin yeganə yolu olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası Tehranın strateji əhəmiyyətli Hörmüz boğazını bağlamasından sonra başlayıb. Hörmüz boğazı qlobal neft və qaz tədarükü üçün ən mühüm marşrutlardan biri hesab olunur və mövcud gərginlik dünya enerji bazarlarına ciddi təsir göstərməkdədir.
