"Ryanair" CEO-sundan Avropa aviasiyası üçün iflas xəbərdarlığı
Avropanın ən böyük aşağı büdcəli hava yolu şirkəti olan "Ryanair Group"un rəhbəri Maykl O’Liri Yaxın Şərqdəki qarşıdurmalar və Hörmüz boğazındakı fasilələr səbəbindən artan yanacaq qiymətlərinin Avropadakı bir çox aviaşirkəti iflasın astanasına gətirə biləcəyi barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, CNBC kanalına müsahibə verən O’Liri aviasiya sektorunun geosiyasi risklər və kəskin xərc təzyiqi ilə üz-üzə qaldığını bildirib. Təyyarə yanacağının (Jet A-1) bir barelinin qiymətinin 80 dollardan 150 dolların üzərinə çıxdığına diqqət çəkən CEO, qiymətlərin yay aylarında da bu səviyyədə qalacağı təqdirdə bir çox Avropa şirkətinin ard-arda fəaliyyətini dayandıracağını proqnozlaşdırıb. O, "Ryanair"in yanacaq ehtiyacının 80 faizini əvvəlcədən sabit qiymətlə sığortaladığını, lakin rəqiblərinin bu cür qoruması olmadığı üçün ciddi maliyyə sıxıntısı yaşayacaqlarını vurğulayıb.
Hörmüz boğazındakı blokada aviasiya sektorunda xərcləri dəfələrlə artırıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına görə, qlobal reaktiv yanacaq qiymətləri müharibənin başlamasından cəmi bir ay sonra 110 faiz artaraq 209 dollara yüksəlib. Fevralın 28-dən bəri davam edən böhran nəticəsində gündəlik 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulunun daşındığı bu strateji marşrutun bağlanması Avropa İttifaqı üçün əlavə 24 milyard avro enerji xərci yaradıb. Bu vəziyyət artıq aviaşirkətlərin uçuş proqramlarına da təsir edib; məsələn, "Lufthansa" oktyabr ayına qədər 20 min qısa məsafəli uçuşu ləğv edib, "Air France-KLM" isə artan xərcləri kompensasiya etmək üçün uzaqməsafəli uçuşlara görə hər sərnişindən 100 avro əlavə yanacaq rüsumu almağa başlayıb.
Yaranmış böhran fonunda Brüssel hərəkətə keçərək "AccelerateEU" adlı fövqəladə vəziyyət planını təqdim edib. Avropa İttifaqı Komissiyası tərəfindən hazırlanan bu plan yanacaq qıtlığı riskinə qarşı üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsini, neft ehtiyatlarından səmərəli istifadəni və bazarın monitorinqi üçün "Yanacaq Rəsədxanası"nın yaradılmasını nəzərdə tutur. Enerji analitikləri qeyd edirlər ki, bu addımlar yanacaq qiymətlərini birbaşa aşağı salmasa da, təchizat zəncirindəki qopmaların qarşısını almağa və fiziki yanacaq çatışmazlığı riskini minimuma endirməyə kömək edəcək. Maykl O’Liri isə xüsusilə Küveyt neftindən asılı olan bazarlar üçün riskin böyük olduğunu və Hörmüz boğazının ən qısa zamanda naviqasiya üçün yenidən açılmasının həyati əhəmiyyət daşıdığını bildirib.
