Böyük Britaniyada xəstəxanalarda kadr çatışmazlığı - Tibb bacıları həkim yerinə işləyir
Böyük Britaniyadakı xəstəxanaların həkim çatışmazlığı səbəbindən tibb bacılarını həkimlərin yerinə təyin etdiyi və bu ehtiyat həkimlərin daha aşağı keyfiyyətli xidmət göstərə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaranıb.
AFN.az xəbər verir ki, "The Guardian" qəzetinin Britaniya Tibb Assosiasiyasının (BMA) məlumatlarına istinadən yaydığı xəbərə görə, əksəriyyəti təcrübəli tibb bacılarından ibarət olan və qabaqcıl mütəxəssislər kimi tanınan tibb işçiləri təcili yardım, yeni doğulmuşlar bölməsi, reanimasiya və digər şöbələrdə normalda həkimlərin yerinə yetirməli olduğu funksiyaları icra edirlər.
Ölkədəki xəstəxanaların demək olar ki, yarısı növbə cədvəllərindəki boşluqları doldurmaq üçün bu mütəxəssisləri həkim vəzifələrinə cəlb edir.
BMA tibbi rollarda həkim olmayanların geniş şəkildə istifadəsini "qətiyyən təhlükəsiz deyil" kimi qiymətləndirib və xəstəxanaların xərcləri azaltmaq məqsədilə həkimlərdən daha az maaş alan işçiləri çalışdırdığı barədə xəbərdarlıq edib.
Dr. Mel Ryan mövzu ilə bağlı bildirib ki, həkimlərin əvəzlənmə miqyası həyəcanvericidir: "Həkimlər ilə qabaqcıl mütəxəssislərin təhsil səviyyəsi arasında böyük fərq var, lakin buna baxmayaraq, bir çox işəgötürən bu addımı atır".
Milli Səhiyyə Sistemi (NHS) tərkibindəki bir çox qurum qabaqcıl mütəxəssislərin fövqəladə hallar zamanı istifadə olunan peycerləri daşımasına və xəstələri müayinə və ya müalicə üçün müvafiq şöbələrə yönləndirməsinə icazə verdiyini təsdiqləyib.
BMA-nın araşdırmaları bəzi yanlış diaqnoz və müalicələrin ölüm halları ilə nəticələndiyi faktlardan sonra açıqlanıb.
Məsələn, 2024-cü ildə Mançesterdə aparılan araşdırmada bir mütəxəssisin xəstədəki tromb riskini görə bilməməsi nəticəsində həmin şəxsin vəfat etdiyi müəyyən olunmuşdu.
Digər tərəfdən, Britaniya Kral Tibb Bacıları Kolleci bu mütəxəssislərin yüksək bacarıqlı, müstəqil peşəkarlar olduğunu müdafiə edərək, onların başqa peşələri əvəz edən deyil, multidissiplinar komandanın tərkib hissəsi olduqlarını iddia edir.


