Hikmət İbrahimli: “Regionlarda ixtisaslı həkim çatışmazlığı düzgün paylanmama ilə bağlıdır”
“Azərbaycan Dövlət Tibb Universitetini hər il 1000 nəfər tələbə bitirirsə, onun yalnız 110-120 nəfəri rezidenturaya daxil olur. Ona görə də ölkəmizdə ixtisaslı həkimlərin sayı getdikcə azalır”.
AFN.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS) Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediatur zamanı jurnalistlərin ixtisaslı həkim çatışmazlığı ilə bağlı verdikləri sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, problemi aradan qaldırmaq üçün İTS tərəfindən təşkil olunmuş komissiya xaricdə təhsil alan uzman həkimləri müsahibədən keçirir və işə qəbul edir: “İlkin olaraq bu həkimlərə biz terapevtlik üzrə 5000, cərrahiyyə üzrə 6500 manat maaş təklif edirik. Üstəlik, onların qəbul etdiyi xəstələrdən qazandıqları bonus da bir bu qədər məbləğ təşkil edir. Onu da qeyd edim ki, bu həkimlər təkcə Bakı şəhərində yerləşən xəstəxanalarda deyil, regionlarda fəaliyyət göstərən xəstəxanalarda da işə qəbul olunurlar. Məsələn, bugünlərdə üç nəfər uzman həkim Ağdaş Rayon Mərkəzi Xəstəxanasına, üç nəfər uzman həkim isə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Xəstəxanaya işə qəbul olunub”. Hikmər İbrahimli onu qeyd edib ki, hazırda regionlarda fəaliyyət göstərən həkimlərin əksəriyyətinin yaşı altmışın üzərindədir. Bu da onu göstərir ki, 5 ildən sonra o həkimlər təqaüd yaşına çatacaq və nəticədə xüsusilə də regionlarda ixtisaslı həkimlərin sayı daha da azalacaq.
Departament rəhbərinin sözlərinə görə, əslində Azərbaycanda Dünya Səhiyyə Təşkilatının standartlarına görə adambaşına düşən həkim sayı norma daxilindədir. Sadəcə problem həkimlərin düzgün paylanmamasındadır.
FƏXRİYYƏ