“Room” gecə klubu sakinlərin istirahət hüququnu pozur: DİN-dən AÇIQLAMA


Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 22-də yaşayan sakinlər şikayətçidirlər.

AFN.az-a müraciət edən vətəndaşlar bildirirlər ki, yaşadıqları binanın yaxınlığında yerləşən “Room” adlı gecə klubu hər gecə səhərə qədər səs-küy salaraq istirahət hüquqlarını pozur: "Gecələr davam edən yüksək musiqi səsi və klubun ətrafında yaranan səs-küylü mühit bizi gecə saatlarında dincəlmək imkanından məhrum edir. Dəfələrlə klubun rəhbərliyinə bu məsələ ilə bağlı müraciət etsək də, heç bir nəticə əldə etməmişik. Görünür, klub rəhbərliyi bu cür məsuliyyətsiz davranışına görə arxasında dayanan şəxslərə güvənir və sakinlərin haqlı narazılığını nəzərə almır".

Sakinlər bildirirlər ki, təkcə klub rəhbərliyinə deyil, hüquq-mühafizə orqanlarına, o cümlədən 102 xidmətinə dəfələrlə müraciət ediblər.

Şikayətçilər Konstitusiya ilə tənzimlənən hüquqlarının təmin olunmasını müvafiq qurumlardan və ölkə rəhbərliyindən xahiş ediblər.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli AFN.az-a açıqlamasında bildirdi ki, qeyd edilən məkanda dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib vətəndaşları narahat edən hallar aradan qaldırılıb: "Qeyd edim ki, polis əməkdaşları tərəfindən məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salan, məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur. Nəzərinizə çatdıraq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu