ABŞ daxili daşımalarla bağlı məhdudiyyətlərin dayandırılması müddətini uzatdı
ABŞ hökuməti ölkə portları arasında dəniz yüklərinin yalnız yerli şirkətlər tərəfindən daşınmasını nəzərdə tutan "Cons qanunu"nun (Jones Act) fəaliyyətinin dayandırılması müddətini daha 90 gün artırıb.
Ağ Evin rəsmi nümayəndəsi Teylor Rocers bildirib ki, prezident Donald Tramp tərəfindən təsdiqlənən bu qərar ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi əməliyyatları fonunda artan inflyasiya ilə mübarizə məqsədi daşıyır.
Xatırladaq ki, mart ayında bu qanunun fəaliyyəti ilk dəfə 60 günlük dayandırılmışdı. Rocersin sözlərinə görə, bu addım mühüm enerji məhsullarının, sənaye materiallarının və kənd təsərrüfatı mallarının ABŞ limanlarına daha sürətli çatdırılmasını təmin edərək qlobal iqtisadi sabitliyə xidmət edir.
Hazırda ABŞ administrasiyası Hörmüz boğazındakı gərginlik səbəbindən dünya enerji bazarında yaranan fəsadları minimuma endirməyə çalışır. Qanunun dayandırılması xarici bayraqlı gəmilərə də ABŞ portları arasında yük daşımağa icazə verir ki, bu da logistika xərclərinin azalmasına və tədarük zəncirinin sürətlənməsinə kömək edir.
