Şri-Lanka Hind okeanında İran hərbi gəmisinin batdığını açıqladı
Şri-Lanka Hərbi Dəniz Qüvvələri Qalle şəhəri sahillərində SOS siqnalı verən İran donanmasına məxsus gəminin Hind okeanında batdığını təsdiqləyib.
AFN.az xəbər verir ki, yerli "Daily Mirror" qəzetinin yaydığı məlumata görə, İranın "IRIS Dena" hərbi gəmisi Şri-Lanka sularında təcili yardım çağırışı göndərdikdən qısa müddət sonra batıb. Şri-Lanka rəsmiləri heyətin təxliyəsi üçün genişmiqyaslı əməliyyatın başladıldığını elan ediblər.
İlkin ehtimallara görə, gəmi xarici sualtı qayıq tərəfindən hücuma məruz qalıb və yardım çağırışı da məhz bu hadisədən sonra edilib. Təxminən 180 nəfərin olduğu gəmidəki dənizçilərdən 78-nin yaralandığı bildirilir. Digər tərəfdən, ən azı 101 nəfərin hələ də itkin düşdüyü və axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.
İran döyüş gəmisinin ABŞ və İsrail tərəfindən hədəf alınma ehtimalı müzakirə mövzusuna çevrilib. Hazırda səlahiyyətli şəxslər hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.

