Çexiyada yeni hökumətin formalaşdırılması başa çatıb


Çexiya Prezidenti Petr Pavel Baş nazir Andrey Babişin hökumətinin komplektləşdirilməsini İqor Çervenini Ekologiya naziri təyin edərək yekunlaşdırıb.

AFN.az xəbər verir ki, ČTK informasiya agentliyinin məlumatına görə, Babişin Nazirlər Kabineti 15 dekabr 2025-ci il tarixindən fəaliyyətə başlasa da, ekologiya naziri postu boş qalmışdı. Dövlət başçısı iki ay ərzində Baş nazir və sağ-mərkəzçi "Motoristé" (Avtomobilçilər) partiyasının lideri Petr Matsinka ilə bu vəzifəyə namizədləri müzakirə edib.

Prezident Pavel daha əvvəl "Motoristé" partiyasının fəxri sədri Filip Turekin bu posta təyin olunmasına qəti etiraz edərək onun namizədliyini rədd etmişdi. Çerveninin təyinatı Çexiya mediası tərəfindən prezident və siyasi qüvvə arasında əldə olunmuş kompromis kimi qiymətləndirilir.

Partiyalararası razılaşmaya əsasən, Ekologiya Nazirliyinə rəhbərlik hazırkı hökumət koalisiyasında yer alan "Motoristé" partiyasının kvotasına daxildir. İqor Çerveninin təyinatı ilə Andrey Babişin rəhbərlik etdiyi hökumət tam tərkibdə fəaliyyətini davam etdirəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu