NATO Baltik dənizində ABŞ-sız ilin ən böyük təliminə başlayıb


NATO Baltik dənizi sahilində, Almaniyanın Şlezviq-Holşteyn əyalətində bu ilin ən genişmiqyaslı manevrləri olan "Steadfast Dart 26" əməliyyatına start verib.

AFN.az xəbər verir ki, təlimlər çərçivəsində alyansın Müttəfiq Reaksiya Qüvvələri ("Allied Reaction Force") Almaniyanın Femarn adası yaxınlığındakı "Putlos" poliqonunda sahilə desant çıxarıblar. Bu manevrlərin əsas xüsusiyyəti ssenari üzrə qoşunların Avropanın cənubundan sürətlə şərq cinahına köçürülməsinin məşq edilməsi və prosesdə ABŞ-ın birbaşa iştirak etməməsidir.

Desant əməliyyatına 15 gəmi və 2600 hərbçi cəlb olunub. Ümumilikdə isə 13 ölkədən təxminən 10 min hərbçi, 1500 vahid texnika və 17 gəminin qatıldığı təlimlərdə ən böyük kontingentləri Türkiyə, İspaniya, İtaliya və Yunanıstan göndərib.

Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən yaxından izlənilən bu qüvvələr NATO-nun "nizə ucu" hesab olunur və hər hansı böhran anında on gün ərzində 40 min hərbçini tam döyüş vəziyyətinə gətirmək potensialına malikdir. Müşahidəçilər ABŞ-sız keçirilən bu təlimləri Avropanın öz müdafiə qabiliyyətini və strateji müstəqilliyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu