Epşteyn sənədlərində 6 yeni şübhəli
ABŞ Nümayəndələr Palatasının üzvləri Tomas Massi və Ro Hanna Ceffri Epşteynə dair sənədlərin senzurasız versiyalarını araşdırdıqdan sonra, adları gizli saxlanılan 6 nəfərin cinayətlə əlaqələndirilə biləcəyini bəyan ediblər.
Respublikaçı Massi və demokrat Hanna ötən gün yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən intihar edən milyarder Epşteyn haqqındakı milyonlarla səhifəlik sənədlərin məxfi hissələri ilə tanış olublar. "The Hill" nəşrinin xəbərinə görə, Massi Ədliyyə Nazirliyinin binası önündə jurnalistlərə açıqlamasında bu fikirləri səsləndirib:
"İçəri girib orada iki saat qaldıq. Milyonlarla sənəd var, elə deyilmi? Sənədlərin təqdim olunma formasına əsasən, cəmi bir neçə saat ərzində cinayətlə əlaqələndirilən və adları gizlədilmiş 6 nəfər müəyyən etdik".
"Məsələ yalnız Epşteyn və Maksvellə məhdudlaşmır"
Ro Hanna da cinayətlə əlaqəsi ola biləcek ən az 6 nəfərin adını təsbit etdiklərini təsdiqləyərək bunları əlavə edib:
"Bir şəxsin adının sənədlərdə çəkilməsi onun mütləq cinayətkar olduğu mənasına gəlmir, lakin bəzi çox nüfuzlu şəxslərin azyaşlı qızlara təcavüz etdiyi və ya həmin qızların olduğu adaya, fermaya və ya evə bilərəkdən getdiyi aydın görünür. Bu məsələ sadəcə Epşteyn və Maksvelin fəaliyyəti ilə məhdudlaşmır".
Senzura və naməlum şəxsiyyətlər
Konqres üzvü Hanna bəzi sənədlərin hətta Ədliyyə Nazirliyinə belə senzura edilmiş şəkildə çatdığını vurğulayıb. Massi və Hanna sözügedən şəxslərin adlarını hələlik açıqlamasalar da, bu şəxslərdən birinin xarici ölkədə yüksək rütbəli rəsmi şəxs, digərinin isə ictimaiyyətə yaxşı tanış olan nüfuzlu bir fiqur olduğunu qeyd ediblər.
