Həkimlərin xəbərdarlığına baxmayaraq, Tramp bu vərdişindən əl çəkməyəcək
ABŞ Prezidenti Donald Tramp həkimlərin tövsiyələrinə məhəl qoymayaraq, qan durulaşdırıcı məqsədilə hər gün yüksək dozada aspirin qəbul etməyə davam edəcəyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə dövlət başçısı "The Wall Street Journal" qəzetinə verdiyi geniş müsahibədə danışıb.
79 yaşlı prezident artıq 25-30 ildir ki, hər gün 325 milliqram aspirin qəbul etdiyini (standart profilaktik doza olan 81 milliqramdan dörd dəfə çox) etiraf edib. "Həkimlər dozanı azaltmağı məsləhət görürlər, lakin mən heç nəyi dəyişmək istəmirəm. İstəyirəm ki, qanım ürəyimdən keçən anda yaxşı və duru olsun", — deyə Tramp qeyd edib.
Prezident aspirin qəbulunun əllərində görünən göyərmələrə səbəb olduğunu da təsdiqləyib. O, bu vərdişindən imtina etməməsini həm də bir qədər "mövhumatçı" olması və "yaxşı genetikaya" malik olması ilə əsaslandırıb. Trampın şəxsi həkimi Şon Barbabella isə prezidentin ürək-damar sisteminin vəziyyətinin onun real yaşından 14 yaş cavan olduğunu və oktyabr ayında keçirilən tomoqrafiyanın (KT) heç bir patologiya aşkar etmədiyini bildirib.
Buna baxmayaraq, tibbi ekspertlər yaşlı insanlarda yüksək dozada aspirinin daimi qəbulunun daxili qanaxma riskini artırdığı barədə xəbərdarlıq edirlər. Xatırladaq ki, Trampın səhhəti, xüsusən də son aylarda əllərindəki ləkələr və yorğun görünüşü mediada geniş müzakirə mövzusuna çevrilmişdi.

