13 yaşlı yeniyetmə kilometrlərlə üzərək ailəsini xilas etdi


Avstraliyanın qərb sahillərində axına düşərək sürüklənən ailəsini xilas etmək üçün nəhəng dalğalara qarşı kilometrlərlə üzən 13 yaşlı yeniyetmə böyük qəhrəmanlıq nümunəsi göstərib.

Cümə günü Qərbi Avstraliyanın cənubundakı "Geographe Bay" bölgəsində kanoe və dəniz döşəyi ilə dənizə açılan ailə, şiddətli küləyin təsiri ilə sahildən uzaqlaşıb.

Polisin verdiyi məlumata görə, külək şişmə qayıqları marşrutdan çıxardıqdan sonra 13 yaşlı gənc kömək çağırmaq məqsədilə sahilə doğru avar çəkməyə başlayıb. Kanosunun içinə su dolmağa başladıqda isə o, suya atılaraq təxminən 4 kilometrlik məsafəni üzərək qət edib. Gənc daha sürətli hərəkət edə bilmək üçün bir nöqtədən sonra əynindəki xilasemə jiletini də çıxarıb.

Təxminən dörd saat davam edən mübarizədən sonra quruya çatan yeniyetmə axşam saatlarında rəsmilərə xəbər verərək xilasetmə əməliyyatını başladıb.

Gəncin müraciəti əsasında "Quindalup" çimərliyi yaxınlığında başladılan genişmiqyaslı axtarış əməliyyatı nəticəsində 47 yaşlı ana və 12-8 yaşlarındakı iki qardaşı sahildən 14 kilometr uzaqda aşkar ediliblər.

Xilasetmə helikopteri tərəfindən fərq edilən və bir dəniz döşəyinə sığınaraq gözləyən ailə üzvləri könüllü dəniz xilasetmə qrupları tərəfindən sağ-salamat sahilə gətiriliblər.

Polis rəsmiləri dənizdə şəraitin nə qədər sürətlə dəyişə biləcəyinə diqqət çəkərək, ana və uşaqların əyinlərindəki xilasedici jiletlər sayəsində sağ qaldıqlarını vurğulayıblar.

Xəstəxanaya yerləşdirilən və səhhətlərinin yaxşı olduğu bildirilən ailə üzvləri müalicədən sonra onları xilas edən qrupları ziyarət edərək təşəkkürlərini bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu