KİV: ABŞ mühacirət siyasəti ilə bağlı müttəfiqlərə təzyiq göstərəcək
ABŞ dövlət katibi Marko Rubio Kanadada, Avstraliyada, Yeni Zelandiyada və Avropa ölkələrindəki amerikalı diplomatlara müvafiq hökumətlərə miqrasiya axınını məhdudlaşdırmaları üçün təzyiq göstərməyi tapşırıb.
AFN.az xəbər verir ki, bunu "The New York Times" Dövlət Departamentindən göndərilmiş diplomatik teleqrama əsasən bildirib.
Teleqramda diplomatlara immiqrantların törətdiyi cinayətlərə hökumətlərin diqqətini çəkmək tapşırılır. Sənəddə belə hallar “geniş yayılmış və sosial birliyi, ictimai təhlükəsizliyi zədələyən” faktlar kimi qiymətləndirilir.
Diplomatlar həmçinin immiqrantlarla bağlı cinayət hadisələri haqqında Dövlət Departamentinə mütəmadi hesabat göndərməli, qəbul edən ölkələrin bu məsələləri necə həll etdiyini – o cümlədən yerli əhali bahasına miqrantlara həddən artıq üstünlük verən siyasətləri – təhlil etməlidirlər. Qəzetin yazdığına görə, xarici hökumətlərin qanunsuz və ya kütləvi miqrasiyanı dəstəklədiyi hallar insan haqları üzrə illik hesabatlara əlavə olunmalıdır.
NYT-nin mənbələrindən biri bildirib ki, Latın Amerikası və digər regionlarda miqrasiya problemlərinə dair oxşar teleqramlar yaxın günlərdə həmin ölkələrdəki səfirliklərə göndəriləcək.
Qəzet yazır ki, Donald Tramp administrasiyası Avropa hökumətlərini mühacirət məsələlərində radikal sağçı partiyaların mövqelərini “senzuraya uğratmağa çalışmaqda” günahlandırır və Dövlət Departamenti diplomatlara bu cür halları da qeydə almağı tapşırıb.
