Metroda qadını yandırana federal terror ittihamı


Çikaqoda metro qatarında bir qadını yandırdığı iddia edilən 50 yaşlı Lorens Ridə federal terror ittihamı irəli sürülüb. Prokurorluq hadisənin kütləvi nəqliyyat sisteminə yönəlmiş terror hücumu kimi qiymətləndirildiyini açıqlayıb.

Hadisə bazar ertəsi axşam CTA Blue Line qatarda baş verib. Təhlükəsizlik kameralarının görüntülərində Ridin əlində bir şüşə ilə vaqon içində gəzərək 26 yaşlı qadın sərnişinə yaxınlaşdığı görünür.

Şikayət ərizəsinə görə, şübhəli qadının başına və bədəninə maye tökdükdən sonra onu yandırmağa çalışıb.

Qadın müqavimət göstərərək vaqonun ön tərəfinə doğru qaçıb, Ridin isə onun ardınca getdiyi, daha sonra əlindəki şüşəni alışdıraraq qadını yenidən yandırmağa çalışdığı bildirilib. Şikayətdə Ridin qadının alov içində qalmasını izlədiyi ifadə olunub.

Qurbanın bədəni demək olar ki, tamamilə alışıb və yerdə yuvarlanaraq yanğını söndürməyə çalışıb. Qatar Çikaqo şəhər mərkəzindəki Clark və Lake dayanacaqlarında dayanıb. Qadın perona çıxar-çıxmaz yerə yıxılıb və ətrafdakı insanlar kömək edib. Rid də vaqondan çıxaraq hadisə yerindən qaçıb.

Polis hadisə yerinə çatanda qadının üzündə və bədənində ağır yanıq xəsarətləri olub. Vaqon içində qismən əriyən bir şüşə, çaxmaq, oturacaqlarda yanıcı maye qalıqları və qadının yanan geyim parçaları tapılıb.

Təhlükəsizlik kameraları hücum edənin hadisədən az əvvəl bir yanacaq doldurma məntəqəsində kiçik bir qaba benzin doldurduğunu qeydə alıb. Rid çərşənbə axşamı səhər eyni geyimdə və sağ əlində yanıq izləri olduğu üçün müəyyən edilərək həbs olunub.

Şikayət ərizəsinə görə, Rid polis bölməsinə aparılarkən dəfələrlə “Yan canlı yan” ifadəsini qışqırıb. Çərşənbə günü federal məhkəməyə gətirildikdə isə içəri daxil olan kimi yüksək səslə “Günahkar olduğumu qəbul edirəm” deyərək qışqırıb, vəkil köməyini rədd edib və məhkəmə boyunca mahnı oxumağa başlayıb. Məhkəmə şübhəli üçün əqli sağlamlıq qiymətləndirməsinin aparılmasına qərar verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu