2026-cı ildə 318 milyon insan daha ağır aclıqla üzləşəcək - Bauer


Birləşmiş Millətlər Təşkilatı (BMT) Dünya Qida Proqramı (WFP) Qida Təhlükəsizliyi və Qidalanma Analizi Direktoru Jan Martin Bauer gələn il 318 milyon insanın böhran səviyyəsində və ya daha ağır aclıqla qarşılaşacağını bildirərək, bu insanların yalnız üçdə birinə yardım etməyə çalışdıqlarını qeyd edib.

Bauer BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn qatılaraq qiymətləndirmələr aparıb.

Dünyanın qlobal bir aclıq böhranı ilə üz-üzə olduğunu və müdaxilə üçün kifayət qədər resurs olmadığını bildirən Bauer “WFP-nin 2026-cı il Qlobal Baxış Hesabatına görə, gələn il 318 milyon insan böhran səviyyəsində və ya daha ağır aclıqla qarşılaşacaq. Bu rəqəm 2019-cu ildə qeydə alınan rəqəmdən iki dəfədən çoxdur. 2025-ci ildə Qəzza və Sudanda eyni anda baş verən iki qıtlıq və qlobal humanitar yardım fondlarının azalması WFP-ni ehtiyacı olanların təxminən üçdə birinə öncə qida yardımı verməyə məcbur edib” deyib.

Bauer, WFP-nin 2026-cı ildə təxminən 13 milyard dollarlıq büdcə ilə ən həssas 110 milyon insana çatmağı hədəflədiyini, lakin mövcud fond proqnozlarının WFP-nin bu ilki hədəfinin yalnız yarısına yaxınını qarşılaya biləcəyini vurğulayıb.

“Təxminən 14 milyon insanın fond kəsintiləri səbəbindən 2026-cı ildə BMT İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Pillə Sıralamasında (IPC) ‘böhran’ mənasını verən 3-cü səviyyədən ‘təhlükəli vəziyyət’ olaraq bilinən 4-cü səviyyəyə keçməsi proqnozlaşdırılır” deyən Bauer hazırda təxminən 40 milyon insanın IPC-nin 4-cü səviyyəsində olduğunu qeyd edib.

Bauer “WFP-nin dünya üzrə təxminən 110 milyon insana yardım edə bilməsi üçün 2026-cı ildə 13 milyard dollara ehtiyacı olacaq. WFP 2026-cı ildə qidalanma yardımı ehtiyacı olan insanların yalnız təxminən üçdə birini dəstəkləyə biləcəyini ümid edir” ifadəsini işlədib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu