Giza piramidasının daxilində gizli giriş tapıldı


Gizada yerləşən üçüncü böyük piramida olan Menkaure piramidası üzərində aparılan skanlar, maili daş divarların arxasında hava ilə dolu iki boşluq olduğunu üzə çıxarıb.

Kəşf Xufu (Xeops) Piramidasındakı böyük daxili boşluğun və şimal girişinə yaxın dəhlizin aşkar edilməsindən sonra gəlib. Lakin Menkauredəki boşluqlar forma, ölçü və yerləşmə baxımından tamamilə fərqlidir. Bu isə fərqli tikinti tarixçəsi və məqsəd ehtimalına işarə edir.

Qahirə Universitetindən arxeoloqlar Xalid Helal və Mohamed Elkarmotinin rəhbərlik etdiyi komanda “Görüntülər cilalanmış qranit bloklarının dərhal arxasında iki anomaliyanın mövcudluğunu göstərir və bunların hava ilə dolu boşluqlar olduğunu düşündürür” açıqlamasını verib.

Komanda tapıntıların real şəraitdə test edilən rəqəmsal simulyasiyalarla dəstəkləndiyini bildirib.

Giza piramidaları qədim Misirin memarlıq gücünü və dəfn mərasimlərinin ihtişamını əks etdirdikləri üçün yüzillərdir alimləri cəlb edir.

Üç əsas piramidanın ən kiçiyi olan Menkaure 1906–1910-cu illərdə amerikalı arxeoloq Corc Reisner tərəfindən aparılan qazıntılardan sonra ətraflı şəkildə araşdırılmamışdı. Xarici səthinin bir hissəsinin qırmızımtıl qranit örtüklə yarımçıq qoyulması, memarlıq planlarındakı dəyişikliklər barədə ipucları verir.

ScanPyramids layihəsi çərçivəsində tədqiqatçılar qranit örtüyünün altını elektrik müqavimət tomoqrafiyası, georadar (GPR) və ultrasəs skan üsulları ilə görüntüləyiblər. Bu texnikalar tikintiyə zərər vermədən daxili bölmələrə baxmağa imkan yaradır.

Araşdırmaçılar piramidanın şərq səthində ətraf daşlardan fərqli davranan iki kiçik anomaliya aşkarlayıblar. Birinci boşluq qranitin təxminən 1,4 metr altında yerləşir və 1,5 metr enində, 1 metr hündürlüyündə ölçülüb.

İkincisi isə qranitin 1,1 metr altında yerləşir və 0,9 x 0,7 metr ölçülərə sahibdir. Simulyasiyalar fərqli xüsusiyyətli daş bloklarının bu siqnalları yarada bilməyəcəyini göstərib.

Komanda “Hər iki anomaliyanın da qranit örtüyünün dərhal arxasında, əhəngdaşı daxilində yerləşən hava dolu boşluqlar olduğunu göstərir” deyə qeyd edib.

Helal və komanda üzvləri Menkaure piramidasının şimal girişindəki qranit düzülüşünün, yeni aşkarlanan boşluqların üzərindəki bloklara çox oxşadığını bildiriblər. 2019-cu ildə müstəqil araşdırmaçı Stijn van den Hoven bu quruluşun ikinci girişə işarə edə biləcəyini irəli sürmüşdü. Tədqiqatçılar boşluqların dərinliyini müəyyən edə bilməyiblər, lakin daha detallı təhlil üçün kosmik şüa muoqrafiyasından istifadəni təklif edirlər.

Bu boşluqların nə məqsədlə yaradıldığı hələlik məlum deyil. Xeops piramidasındakı boşluqlar kimi Menkauredəki strukturların da məqsədi öz sirrini qoruyur. Araşdırmaçılar nəticələrin misirşünaslar tərəfindən geniş şəkildə qiymətləndirilməsi lazım olduğunu vurğulayırlar.

Araşdırma NDT & E International jurnalında dərc edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu