ABŞ-ın dövlət borcu 38 trilyon dolları keçdi
ABŞ-ın ümumi dövlət borcu 22 oktyabr tarixinə olan məlumata görə 38 trilyon dolları keçərək rekord həddə çatıb.
ABŞ-ın dövlət borcu yenidən tarixdə ən yüksək səviyyəyə yüksəlib. 2 avqustda 37 trilyon dollara çatan borc cəmi 82 gün ərzində daha 1 trilyon dollar artıb. ABŞ Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumatlara əsasən, 22 oktyabr tarixinə ümumi borcun məbləği 38 trilyon dolları ötüb.
Maliyyə siyasətləri sahəsində fəaliyyət göstərən Peter G. Peterson Foundation adlı beyin mərkəzi bu məbləğin ABŞ-da adambaşına təxminən 111 min dollarlıq borc demək olduğunu bildirib. Fond həmçinin qeyd edib ki, ABŞ-ın xarici borcunun həcmi Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniyanın ümumi daxili məhsullarının (ÜDM) cəmi dəyərinə bərabərdir.
Partiyalardan asılı olmayan Konqres Büdcə İdarəsi (CBO) bildirib ki, ABŞ-ın borcu 2047-ci ilə qədər ümumi daxili məhsulun 200 faizinə çata bilər. İqtisadçılar hesab edirlər ki, hazırda 38,1 trilyon dolları keçən və hər saniyə yüzlərlə dollar artan dövlət borcu yaxın aylarda 39 trilyon dollara çatacaq.
Xatırladaq ki, kredit reytinq agentliyi Moody’s mayda ABŞ-ın kredit reytinqini “AAA” səviyyəsindən “AA1” səviyyəsinə endirmişdi. Agentlik bu qərarı ABŞ hökumətinin böyük illik büdcə kəsirləri və artan faiz xərcləri ilə bağlı mənfi tendensiyanı dayandıra bilməməsi ilə izah etmişdi.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-ın 38 trilyon dolları aşan borcu təkcə məbləğin böyüklüyünə görə deyil, həm də bu borcun faiz ödənişləri baxımından ciddi problem yaradır. Hökumət 2025 maliyyə ili üçün ayrılmış ümumi federal xərclərin 17 faizinə bərabər olan 1,21 trilyon dolları yalnız bu borcun faiz ödənişlərinə sərf edib. Bu faiz göstəricisi getdikcə artır — 2021-ci ildə orta borc faiz dərəcəsi 1,61 faiz idisə, indi 3,36 faizə yüksəlib.
Dövlətin xərclərinin gəlirləri üstələməsi, əhalinin qocalması ilə sosial təminat və səhiyyə xərclərinin artması, 11 sentyabr terror hadisələrindən sonra müdafiə büdcəsinin yüksəldilməsi, 2008-ci il maliyyə böhranı və COVID-19 pandemiyasından sonrakı yardım paketləri, eləcə də uzunmüddətli büdcələrin qəbul olunmaması bu böhranı daha da dərinləşdirib.
Dövlət borcunun böyüməsi təkcə dövlət maliyyəsini deyil, vətəndaşlara da birbaşa təsir edir, çünki bu, ipoteka və avtomobil kreditlərinin, kredit kartı faizlərinin artması, investisiyaların azalması, maaş artımlarının məhdud qalması, malların və xidmətlərin bahalaşması, inflyasiya riski və sosial proqramlarda ixtisar ehtimalı deməkdir.
Bəzi iqtisadçılar prezident Donald Trampın vergiləri artırmaqla büdcə kəsirini azaltmaq istiqamətində müsbət addım atdığını düşünür, digərləri isə ABŞ-ın tədricən yoxsullaşdığını qeyd edirlər.
ABŞ prezidenti Donald Tramp artan dövlət borcunun azaldılması üçün varlı miqrantlara “Qızıl Kart” vizasının satılması ideyasını irəli sürüb. O, 5 milyon dollar ödəyən varlı miqrantlara “Qızıl Kart” vizası və ABŞ vətəndaşlığına aparan yol təqdim etməyi təklif edib. Tramp “1 milyon kart satılsa, bu, 5 trilyon dollar gəlir deməkdir. 10 milyon satılsa, 50 trilyon edir — bizim 35 trilyon dollar borcumuz var, bu, əla nəticə olardı” deyib.
Xatırladaq ki, ABŞ-ın ümumi borcu 2024-cü ilin yanvarında 34 trilyon dollar, iyulda 35 trilyon dollar, noyabrda isə 36 trilyon dollar səviyyəsinə çatıb. Ölkənin dövlət borcu 1982-ci ildə ilk dəfə 1 trilyon dollar həddini keçib, 26 il sonra — 2008-ci ildə isə 10 trilyon dollara yüksəlib. Konqres Büdcə İdarəsi hesab edir ki, 2022-ci ildə 30 trilyon dollara çatan borcun həcmi 2027-ci ilə qədər 40 trilyon dolları aşacaq.



