Süni intellekt diaqnoz qoymaqda həkimləri geridə qoyub - ARAŞDIRMA



Harvard Tibb Fakültəsi tərəfindən aparılan və "Science" jurnalında dərc olunan yeni araşdırma tibb dünyasında böyük əks-səda doğurub. 

AFN.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, süni intellekt sistemləri yüksək təzyiq və vaxt məhdudiyyəti olan təcili yardım şəraitində həkimlərdən daha dəqiq diaqnoz qoymağa nail olub.

Bostondakı bir xəstəxanada 76 pasiyent üzərində aparılan sınaqda süni intellekt modelləri ilə yüzlərlə həkimin performansı müqayisə edilib. Hər iki tərəfə xəstələrin həyati göstəriciləri və tibb bacılarının qeydlərindən ibarət standart elektron sağlamlıq qeydləri təqdim olunub.

Nəticələr göstərib ki, süni intellekt halların 67 faizində düzgün diaqnoza çox yaxın nəticələr verdiyi halda, həkimlərin uğur nisbəti 50-55 faiz arasında qalıb. Xüsusilə məhdud məlumatla sürətli qərar verilməsi tələb olunan təcili yardım çeşidləmə vəziyyətlərində süni intellektin mühakimə qabiliyyətinin insan mütəxəssislərini kölgədə qoyduğu müşahidə edilib.

Bundan əlavə, uzunmüddətli müalicə planlamasında süni intellekt 89 faiz uğur balı topladığı halda, axtarış sistemləri kimi ənənəvi mənbələrdən istifadə edən həkimlər cəmi 34 bal toplaya biliblər.

Ekspertlər bu nəticələrin süni intellektin sadəcə imtahan sualları həll edən bir proqram olmaqdan çıxaraq, klinik məntiq yürütmə sahəsində nəhəng addım atdığının sübutu olduğunu vurğulayırlar. Xüsusilə həkimlərin diqqətindən qaçan nadir xəstəlik keçmişlərini fərq edən süni intellektin həyat qurtarıcı müdaxilələr etdiyi qeyd olunur.

Lakin mütəxəssislər bu texnologiyanın həkimlik peşəsini əvəz etməyəcəyini, çünki süni intellektin hələlik xəstənin fiziki görünüşünü, stres səviyyəsini və vizual əlamətlərini birbaşa analiz edə bilmədiyini deyirlər. Alimlər yaxın on ildə tibbin həkim, xəstə və süni intellekt sistemindən ibarət "üçlü qulluq" modelinə çevriləcəyini proqnozlaşdırırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu