Media: İran atəşkəsdən dağıntılar altında qalan gizli silahlarını çıxarmaq üçün istifadə edir
ABŞ mediası İranın Birləşmiş Ştatlar ilə əldə olunmuş atəşkəs prosesindən əvvəlki hava hücumları zamanı dağıntılar altında qalan və ya gizlədilən silahlarını üzə çıxarmaq üçün istifadə etdiyini iddia edib.
AFN.az xəbər verir ki, "NBC News"-un bir ABŞ rəsmisinə və mövzuya yaxın iki mənbəyə istinadən yaydığı məlumata görə, İran hökuməti ABŞ və İsrailin hava zərbələrindən sonra yer altında gizlədilən və ya dağıntılar altında qalan raket və digər sursatları qazıntı işləri ilə çıxarmaq üçün səylərini gücləndirib.
Xəbərdə qeyd olunan məlumatlara görə, ABŞ rəsmiləri İranın bu addımla PUA və raket potensialını sürətlə bərpa etməyi hədəflədiyinə inanırlar. Mənbələr Tehran rəhbərliyinin Donald Trampın hərbi əməliyyatları yenidən başlatmaq qərarı verəcəyi təqdirdə Yaxın Şərq miqyasında hücumlar təşkil edə biləcək bir mövqeyə gəlməyi məqsəd qoyduğunu ifadə ediblər.

