ABŞ-ın ağırlaşan borc yükü iqtisadi narahatlıqları dərinləşdirir


ABŞ-da sürətlə artan milli borcun nəzarət altına alınmaması halında, qarşıdakı illərdə ölkə iqtisadiyyatının həcminə, məşğulluğa, investisiyalara və maaşlara mənfi təsir göstərəcəyi gözlənilir.



Beynəlxalq reytinq agentliyi "Moody’s", ABŞ-ın kredit reytinqini “Aaa”dan “Aa1”ə endirib. Bu qərarın səbəbi kimi dövlət borcunun və faiz ödənişlərinin artması göstərilib və ölkənin ağırlaşan borc yükü yenidən gündəmə gəlib.



Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da xərclərlə gəlirlər arasında mövcud struktur balanssızlığı milli borcun sürətlə artmasına səbəb olur. Əgər bu tendensiya davam etsə, yaxın illərdə iqtisadi artımın yavaşlaması, milyonlarla insanın işsiz qalması və investisiyaların azalması riski yaranır.



Büdcə kəsirləri milli borcu artırır

Milli borc, federal hökumətin zamanla xərclərinin açığını ödəmək üçün borc aldığı vəsaitin ümumi məbləğidir.



Federal hökumət, hər maliyyə ilində xərclərin gəlirləri aşması ilə yaranan büdcə kəsirini maliyyələşdirmək üçün müxtəlif maliyyə alətləri – xəzinə istiqrazları, senetlər, dəyişkən faizli sənədlər və inflyasiyaya qarşı qorunan qiymətli kağızlar vasitəsilə borclanır.



Milli borc bu borclanmaların və investorlara ödənən faizlərin toplanması ilə formalaşır. Büdcə kəsirləri davam etdikcə milli borc da artır.



ABŞ-ın milli borcu 36 trilyon dolları keçib

Son 100 ildə ABŞ-ın federal borcu 1924-cü ildə 395 milyard dollar ikən, 2024-cü ildə 35,46 trilyon dollara yüksəlib.



ABŞ Xəzinə Nazirliyinin məlumatına görə, ölkənin cari milli borcu 36,2 trilyon dollar səviyyəsindədir. ABŞ-ın 2024-cü il üzrə orta ÜDM-si 28,83 trilyon dollar olaraq hesablanır, bu da borcun ÜDM-dən artıq olduğunu göstərir.



Bu vəziyyət, borcun ÜDM-yə nisbətinin 2024-cü maliyyə ilində 123%-ə çıxmasına səbəb olub. Bu nisbətin yüksək olması hökumətin borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcəyinə işarədir.



Xərclər və gəlirlər arasındakı balanssızlıq borcu artırır

ABŞ-da yaşlanan əhali, səhiyyə xərclərinin artması və yüksələn faiz xərcləri dövlətin ümumi xərclərini artırır. Bu isə mövcud vergi sistemi ilə təmin edilə bilmir və nəticədə xroniki büdcə kəsiri yaranır.



Peter G. Peterson Fondunun analizinə görə, qarşıdakı 25 ildə federal xərclərin artmasının əsas səbəbi əhalinin yaşlanması olacaq. 65 yaşdan yuxarı insanlar əmək qabiliyyətli əhalidən daha sürətlə artacaq və bu, pensiya proqramlarına əlavə yük yaradacaq.



Səhiyyə xərcləri də borcun artmasının əsas səbəblərindən biridir. Konqres Büdcə Ofisinin məlumatına görə, Medicare və Medicaid kimi proqramlara ayrılan federal xərclər 2025-ci ildə ÜDM-in 5,8%-i olduğu halda, 2055-ci ildə 8,1%-ə qalxacaq.



Medicare & Medicaid Xidmətləri Mərkəzləri isə səhiyyə xərclərinin iqtisadiyyatın beşdə birini təşkil edəcəyini proqnozlaşdırır.



Faiz xərcləri ikinci ən böyük xərcdir

Milli borcun artması və yüksək faiz dərəcələri dövlət büdcəsindən faiz ödənişlərinə daha çox vəsait ayrılmasına səbəb olur.



2025-ci maliyyə ilinin ilk 7 ayında faiz xərcləri, sosial təminatdan sonra federal hökumətin ikinci ən böyük xərci olub. Aprel ayına qədər faiz xərcləri 579 milyard dollar təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründə 514 milyard dollar idi.



Konqres Büdcə Ofisinin proqnozlarına əsasən, 2026–2035-ci illərdə faiz xərclərinin 13,8 trilyon dollar olacağı gözlənilir. Bu artım, həm dövlət, həm də özəl sektorun investisiyalarını məhdudlaşdıra bilər.



Milli borcun artması amerikalıların rifahına təhlükə yaradır

Peter G. Peterson Fondunun hesabatına görə, borcun artımı ABŞ-ın maliyyə baxımından davamlılığına ciddi risk yaradır. Mövcud siyasətlər dəyişməzsə, borcun səviyyəsinin iqtisadiyyata mənfi təsirləri qaçılmazdır.



Proqnozlara əsasən:

İqtisadiyyatın həcmi:

2035-ci ildə: -340 milyard dollar

2055-ci ildə: -1,1 trilyon dollar

2075-ci ildə: -1,8 trilyon dollar



İşsizlik:

2035-ci ildə: +1,2 milyon nəfər

2075-ci ildə: +3,6 milyon nəfər



Maaşlar:

2035-ci ildə: -0,6%

2055-ci ildə: -3%

2075-ci ildə: -5,3%



Xüsusi sektor investisiyaları:

2035-ci ildə: -13,6%

2075-ci ildə: -21,6%



Siyasi böhran borc problemini dərinləşdirir

Vaşinqtonda borc limitləri və büdcə islahatları ilə bağlı müzakirələr siyasi qarşıdurmalar səbəbindən dalana dirənib. Artan faiz xərcləri və büdcə kəsirlərini dayandıracaq tədbirlər üzərində razılaşma əldə olunmayıb.



Mütəxəssislər xəbərdarlıq edir ki, maliyyə intizamı təmin olunmasa, artan borc ölkəni maliyyə böhranı ilə üz-üzə qoya bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu