"Moody's" ABŞ-ın kredit reytinqini aşağı salıb

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" ABŞ-ın kredit reytinqini "Aaa"dan "Aa1"ə endirib və kredit reytinqinin proqnozunu "neqativ"dən "stabil"ə dəyişib.
"Moody's" ABŞ-ın kredit reytinqinə yenidən baxıldığını açıqlayıb.
Açıqlamada ölkənin uzunmüddətli kredit reytinqinin "Aaa"dan "Aa1"ə endirildiyi, kredit reytinqinin proqnozunun "neqativ"dən "stabil"ə dəyişdirildiyi qeyd edilib.
Bəyanatda deyilir ki, reytinqin aşağı salınması dövlət borcunun və faiz ödənişi nisbətlərinin 10 ildən artıqdır oxşar reytinqlərə malik ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək səviyyələrə qalxdığını əks etdirir.
ABŞ administrasiyaları və Konqresin illik böyük maliyyə kəsiri və faiz xərclərinin artması tendensiyasını geri qaytarmaq üçün tədbirlər haqqında razılığa gələ bilmədiklərinə diqqət çəkən bəyanatda "Müzakirə olunan hazırkı fiskal təkliflərin məcburi xərclərdə və kəsirlərdə uzunmüddətli əhəmiyyətli azalmalar təmin edəcəyinə inanmırıq" qiymətləndirməsi edilib.
Bəyanatda deyilir ki, hökumət gəlirlərinin geniş şəkildə sabit qalacağı və defisitlərin növbəti onillikdə artmağa davam edəcəyi gözlənilir.
Digər tərəfdən, davamlı böyük maliyyə kəsirlərinin hökumətin borc və faiz yükünü artıracağı, ABŞ-ın maliyyə göstəricilərinin öz tarixi və digər yüksək reytinqli ölkələrlə müqayisədə pisləşmə ehtimalının olduğu bildirilib.
Bəyanatda ABŞ iqtisadiyyatının ölçüsü, çevikliyi və dinamizmi və dollarının qlobal ehtiyat valyutası rolu kimi müstəsna kredit güclərini qoruduğu vurğulanıb və "Ümid edirik ki, ölkə müstəqil ABŞ Federal Ehtiyat Sisteminin (Fed) rəhbərlik etdiyi effektiv pul siyasəti tarixini davam etdirəcək" ifadəsindən istifadə edilib.
Açıqlamada ABŞ-ın federal borcunun 10 ildən artıqdır ki, davamlı maliyyə kəsirləri səbəbindən kəskin şəkildə artdığı, vergi kəsirlərinin federal xərclərin artdığı halda dövlət gəlirlərini azaltdığı qeyd edilib.
Vergitutma və xərclərdə düzəlişlər edilmədiyi təqdirdə büdcə çevikliyinin məhdud qalacağı, ölkədə 2024-cü ildə ümumi xərclərin təxminən 73 faizini təşkil edən məcburi xərclərin faiz dərəcələri də daxil olmaqla 2035-ci ilə qədər təxminən 78 faizə yüksələcəyi proqnozlaşdırıldığı və 2017 vergi endirimlərinin uzadılması halında gələcək 10 ildə kəsirinin təxminən 4 trilyon dollar artacağı vurğulanıb.
Açıqlamada qeyd olunub ki, 2024-cü ildə Ümumi Daxili Məhsulun (ÜDM) 6,4 faizi olan federal kəsirin 2035-ci ildə 9 faizə yüksəlməsi gözlənilir. Eyni dövrdə federal borc yükünün ÜDM-in yüzdə 98-dən 134 faizə yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, "Moody's" ABŞ-ın kredit reytinqini "Aaa" səviyyəsində saxlayan sonuncu böyük kredit agentliyi olub. "Standard & Poor's" 2011-ci ildə ABŞ-ın kredit reytinqini "AA+"-a, "Fitch" isə 2023-cü ildə "AA+"-a endirib.