Pezeşkian: ABŞ-ın dəniz blokadası hərbi əməliyyatların davamıdır
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının hərbi əməliyyatların bir forması olduğunu və buna dözməyin qeyri-mümkün olduğunu bildirib.
AFN.az xəbər verir ki, Pezeşkian "X" sosial media platformasındakı hesabı vasitəsilə məsələyə münasibət bildirib.
Dünyanın İranın səbrinə və sülhsevər mövqeyinə şahidlik etdiyini vurğulayan Pezeşkian "Dəniz blokadası adı altında həyata keçirilən fəaliyyət sadəcə öz müstəqilliyinin bədəlini ödəyən bir xalqa qarşı aparılan hərbi əməliyyatların davamıdır. Bu qəddar yanaşmanın davam etdirilməsi qəbulolunmazdır" ifadələrini işlədib.
Onilliklərdir ABŞ-ın iqtisadi sanksiyaları altında yaşayan İranın beynəlxalq ticarətinin təxminən 90 faizini dəniz yolu ilə həyata keçirdiyi məlumdur. Ağır iqtisadi çətinliklərlə üzləşən ölkədə ABŞ və İsrailin son hərbi müdaxilələrindən sonra bir çox müəssisənin fəaliyyətini dayandırdığı, inflyasiya və işsizliyin isə rekord həddə çatdığı qeyd edilir.
Ekspertlər dəniz blokadasının İran iqtisadiyyatını tamamilə iflic etmək məqsədi daşıdığını və bunun regionda daha böyük humanitar böhranlara yol aça biləcəyini xəbərdarlıq edirlər.
