Misirdə ilk dəfə bir mumiyanın qarnında ədəbi mətn tapılıb
Misirin antik Oksirinx (hazırda Əl-Behnesa) şəhərində aparılan qazıntı işləri zamanı qarnına Homerin məşhur "İliada" eposundan bir parça yapışdırılmış 1600 illik mumiya aşkar edilib.
AFN.az xəbər verir ki, Barselona Universitetinin mütəxəssisləri mumiyalanma prosesində dini ritual mətnləri əvəzinə ilk dəfə ədəbi bir mətndən istifadə edildiyini və bunun dünya miqyasında bir ilk olduğunu açıqlayıblar.
Qahirənin təxminən 200 kilometr cənubunda tapılan Roma dövrünə aid mumiyanın üzərindəki papirusun "İliada"nın ikinci kitabında yer alan "Gəmi kataloqu" bölməsindən parçalar ehtiva etdiyi müəyyən edilib. Papirusun olduqca kövrək olması səbəbindən tədqiqatlar böyük həssaslıqla davam etdirilir, mətnin tam məzmunu isə yüksək texnologiyalı rentgen üsulları ilə dəqiqləşdiriləcək.
Klassik filoloq İqnasi-Xavyer Adieqo ədəbi mətnin niyə bu şəkildə istifadə edilməsi ilə bağlı hələlik dəqiq bir qənaətə gəlmədiklərini ifadə edib. Daha əvvəl tapılan ritual mətnlərinin qoruyucu məqsədlə yerləşdirildiyi düşünülsə də, bir dastan parçasının eyni funksiyanı yerinə yetirib-yetirmədiyi və ya mumiyaçının bir növ imzası olub-olmadığı araşdırılır.
Misir Turizm və Tarixi Abidələr Nazirliyinin məlumatına görə, qazıntı sahəsində daha üç əhəngdaşı məzarı da tapılıb. Bu məzarlarda dillərində qızıl təbəqə olan üç mumiya ilə dilində mis olan daha bir mumiya aşkar edilib. Otaqlardan birində böyüklərə aid yandırılmış qalıqlarla yanaşı, bir körpə sümükləri və bir pişik başı olan böyük küp tapılıb.
Mütəxəssislər bu kəşfin antik Misirdəki dəfn ritualları və o dövrdə yunan ədəbiyyatının cəmiyyətdəki yeri haqqında bilikləri əsaslı şəkildə dəyişdirə biləcəyini proqnozlaşdırırlar.
