ABŞ-ın İrana hücumlarının maliyyə xərci 50 milyard dollara yaxındır
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərclərinin ABŞ Müdafiə Nazirliyi rəsmilərinin iddia etdiyi 25 milyar dolların əksinə, reallıqda 50 milyard dollar olduğu irəli sürülüb.
AFN.az xəbər verir ki, Amerikanın CBS yayım qurumunun mövzuya yaxın bir rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ-ın İrana hücumlarının maliyyə yükü ictimaiyyətə açıqlanan rəqəmdən təxminən iki dəfə çoxdur.
Həmin rəsmi bildirib ki, Pentaqon rəsmiləri bu həftə Konqresdə verdiyi ifadələrdə əməliyyat xərclərini 25 milyard dollar civarında açıqlasalar da, bu rəqəm həqiqəti əks etdirmir. Mənbənin sözlərinə görə, Pentaqon rəsmilərinin təqdim etdiyi statistikaya zədələnmiş və ya itirilmiş hərbi texnikaların dəyəri daxil edilməyib.
Bu amillər nəzərə alındıqda, real maliyyə itkisinin 50 milyard dollar ətrafında olduğu qeyd edilir. Xatırladaq ki, rəsmi rəqəmlərlə müstəqil analizlər arasındakı bu böyük fərq Konqresdə büdcə müzakirələrinin daha da gərginləşməsinə səbəb olub.
