Braziliyada qəza və arı sancmaları iki nəfərin ölümünə səbəb oldu
Braziliyada 54 yaşlı qadın kənd yolunda idarəetməni itirərək arı yeşiyinə çırpılıb. Qadını xilas etməyə gələn atası isə arı sancmalarından həyatını itirib.
Hadisə Braziliyanın Rio Qrandi du Sul əyalətinə bağlı Vakariya qəsəbəsində baş verib. 54 yaşlı Silvana da Fatima Braqansa da Luz torpaq yolda hərəkət edərkən idarəetməni itirib və yol kənarındakı arı yeşiyinə dəyib. Zərbənin gücü ilə çevrilən maşından gələn səsləri eşidən qonşu dərhal Silvananın ailəsinə xəbər verib.
Hadisəni eşidən Silvananın atası, 79 yaşlı Raul Portela da Luz təşviş içində hadisə yerinə qaçıb. Maşında sıxışıb qalan qızını xilas etməyə çalışarkən ətrafa yayılan minlərlə qəzəbli arının hücumuna məruz qalıb.
Bədəninin böyük hissəsi arı sancmaları ilə örtülən yaşlı kişi ağır vəziyyətdə aparıldığı xəstəxanada ertəsi gün həyatını itirib.
Hadisə yerində ağır yaralanan Silvananı isə bütün tibbi müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Silvananın 72 yaşlı anası Maria da Luzun da arı sancmasına məruz qaldığı, lakin müalicədən sonra sağ qaldığı bildirilib.
Yanğınsöndürmə və xilasetmə qruplarının hadisə yerinə çatması xeyli vaxt aparıb. Yanğınsöndürmə məntəqəsinin hadisə yerindən təxminən 60 kilometr uzaqda yerləşməsi müdaxiləni gecikdirib.
Yanğınsöndürmə xidmətinin sözçüsü hadisədən sonra açıqlamasında bildirib ki, ölüm maşının çevrilməsi zamanı deyil, arı sancmalarının təsiri nəticəsində baş verib.




