CNN: Tramp və Putin görüşü təxirə salına bilər
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Macarıstanın paytaxtı Budapeştdə keçirməsi planlaşdırılan görüşün təxirə salına biləcəyi iddia olunur.
CNN-ə danışan mənbələr Tramp və Putin arasında Budapeştdə baş tutması gözlənilən görüşlə bağlı ehtimalları bölüşüblər.
Ağ Ev rəsmisinin verdiyi məlumata görə, iki liderin görüşündən öncə keçirilməsi planlaşdırılan ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüş hazırda dayandırılıb.
Məsələ ilə bağlı məlumatı olan başqa bir mənbə CNN-ə bildirib ki, Rubio və Lavrov Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsində fikir ayrılığı yaşayır.
Bu fikir ayrılıqları səbəbindən Rubionun Tramp-Putin görüşünün gələn həftə baş tutmasını tövsiyə etmə ehtimalının az olduğu qeyd edilir. Mənbənin sözlərinə görə, Rubio və Lavrov yaxın günlərdə yenidən telefonla danışa bilərlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 16 oktyabrda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmış, təxminən 2,5 saat davam edən söhbət zamanı Ukrayna böhranı ilə bağlı məsələləri müzakirə etmişdi.
Tramp daha sonra bildirmişdi ki, iki ölkə arasında ABŞ Dövlət katibi Marko Rubionun da qatılacağı yüksək səviyyəli müşavirlər görüşü keçiriləcək, ardından isə Putinlə Budapeştdə üz-üzə görüşəcək.
Tramp əlavə etmişdi ki, bu görüş iki həftə ərzində baş tuta bilər.
